Hazırda bütün dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri sayılır. İstər ölkələrin tanıdılması, istərsə də gəlirlərinin artırılması üçün turizm sahəsinə diqqət ildən-ilə artır. Turizmin inkişafı istiqamətində son illər silsilə işlər görülməkdə davam edir.
Elə bu səbəbdən də ölkəmizə gələn turistlərin sayı artır. İstirahət üçün ölkəmizi seçən turistlərin sayının artması beynəlxalq hesabatlarda da əks olunur.
BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) “Dünya Turizm Barometrinin” son hesabatına əsasən, Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.
“Əsas hədəf Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək…”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov qeyd etdi ki, turizm qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir. Həmçinin, beynəlxalq metodologiyalara əsasən də ölkənin əlverişli coğrafi mövqeyindən istifadə edilməklə hava əlaqəsinin və əlçatanlığının artırılması, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması ilə yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur: “Turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəd, müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991,330 min nəfər artıb. Turizm dövlət-özəl tərəfdaşlığı əsasında xarici investisiyaların əsas payı ilə ekoloji dayanıqlıq prinsipləri əsas götürülməklə kəndlərin və regionların inkişafına əsas təkanverici qüvvəsi olaraq Azərbaycanın beynəlxalq arenada qabaqcıl mövqe tutmasına şərait yaradır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, turizm sənayesinin inkişafı müsbət dinamika üzərində gedir. Bu gün bölgələrin turizm siyasətinin formalaşdırılması, turizm potensialının araşdırılması üçün Destinasiya Menecmenti təşkilatları yaradılır. Destinasiya Menecmenti təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərir.
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsi başlıca hədəflərdən biridir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir”.
Günel CƏLİLOVA