Axşam saatlarında Sabunçu dairəsində tıxac müşahidə edilir. Qeyd edək ki, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidi mövcuddur. Bundan başqa, dayanacaqla keçid arasında bir neçə yüz metr məsafə var. O vaxt dayanacağın yeri dəyişdirildi ki, avtomobillərin hərəkət intensivliyi azalmasın. Çünki pik saatlarda intensivlik azalan kimi tıxaclar yaranırdı.
İndi isə tıxacın yaranmasına səbəb taksilərin fəaliyyətidir. Problem ondadır ki, taksilərin avtobus dayanacaqlarında, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında dayanması pik saatlarında tıxacların yaranmasına səbəb olur. Nəticədə avtobus və taksilərin dayanacağa yanaşması yoldakı nəqliyyat vasitələrinin hərəkət intensivliyini aşağı salır. Artıq neçə aydır taksi fəaliyyəti ilə məşğul olan şəxslər dayanacağa yaxın yolboyu avtomobillərini saxlayırlar. Bir sıra hallarda avtobusların saxlama yerlərində taksini saxlayırlar. Nəticədə avtobus sürücüləri məcbur olur yolun ikinci zolağında maşını saxlasınlar. Bu da axşam saatlarında ciddi tıxacın yaranmasına səbəb olur. Beləliklə, işdən yorğun gələn sərnişinlər yolda əlavə vaxt itirir. Demək olar ki, yol qovşağında hər gün oxşar problem hökm sürür.
Maraqlıdır, zaman-zaman mövcud olan bu problemi necə həll etmək olar?
“Taksi sürücüləri bir neçə dəfə cərimələndikdən sonra...”
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, nəinki Sabunçu dairəsində, şəhərin bir neçə yol qovşağında bu problem var: “Əhmədli”, “20 Yanvar” metrostansiyaları yaxınlığında da analoji vəziyyət hökm sürür. Harda ki avtobus dayanacaqları var, ora taksilər tərəfindən zəbt olunub. Bu da yolverilməz haldır. Çünki dayanacaq zəbt olunursa, o zaman tıxacın yaranması qaçılmazdır. Bu zaman avtobuslar məcburdur ki, yolun ikinci zolağınada dayansınlar. Belə hal avtobus sürücüsü üçün inzibati xətadır. Sabunçu yol qovşağında yaranan belə vəziyyət sərnişinləri çox narahat edir. Bir ara Bakı Nəqliyyat Agentliyinin əməkdaşları orada hərəkəti tənzimləyirdilər. Ancaq neçə vaxtdır sözügedən nəzarət yoxdur. Taksi sürücüləri də bundan istifadə edirlər. Əvvəl belə hallarla bağlı reydlər keçirilirdi və taksi sürücüləri cərimə olunurdular. İndi isə bu nəzərə çarpmır. Çıxış yolunu orada müşahidə kameralarının quraşdırılmasında görürəm. Belə olsa, o zaman taksi sürücüləri bundan çəkinər və dayanacağı zəbt etməzlər. Taksi sürücüləri bir neçə dəfə cərimələndikdən sonra hesab edirəm ki, problem həllini tapacaq”.
Vidadi ORDAHALLI