Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.
Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Bu baxımdan, Azərbaycanı “palçıq vulkanları diyarı” adlandırmaq olar. Bu vulkanlar ölkəmizin təbii sərvəti olmaqla yanaşı, həm də xaricdən turistlərin cəlb olunması, ekoturizmin inkişafı üçün mühüm zəmin yaradır.
Danılmaz faktdır ki, ölkəmizə istirahətə gələnlərin sayı günü-gündən artır. Turistlərin bir qismi təbiət, bəziləri tarixi məkanlarla maraqlanmağa üstünlük verir. Bu baxımdan, Azərbaycanın palçıq vulkanlarını ziyarət edən turistlərin sayı üstünlük təşkil edir. Turist sayının artması sevindiricidir. Ancaq burada narazılıq yaradan məqam palçıq vulkanlarının ətrafında insanların istirahəti üçün hər hansı bir məkanın olmamasıdır.
Hətta bu məsələyə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev də toxundu.O qeyd etdi ki, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur: “Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer tapmaq mümkün deyil. Turizm Agentliyinə bu il bu məsələ ilə ciddi məşğul olması ilə bağlı göstəriş verilib. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik".
Mütəxəssislər də bildirirlər ki, turistlər hər hansı bir tarixi məkanı ziyarət etdikdən sonra dincəlmək istəyirlər. Ancaq palçıq vulkanlarının ətrafında turistlərin rahat istirahəti üçün hər hansı bir şərait mövcud deyil.
“…turistlər həmin əraziləri görmək istəyirlər, amma ora səfərlərin təşkilində böyük problemlər var”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bildirdi ki, dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir: “Dünyada “Palçıq vulkanlarının diyarı” kimi tanınan Azərbaycanda da təbiətin xalqımıza bəxş etdiyi bu imkandan yetərincə yararlanmaq üçün lazımi işlər görülür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti var: “Bu baxımdan, palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin, istirahət məkanlarının yaradılması vacibdir. Azərbaycanın təbliği baxımından hazırlanan videosüjetlərdə vulkanlardan geniş istifadə edildiyindən, turistlər həmin əraziləri görmək istəyirlər, amma ora səfərlərin təşkilində böyük problemlər var”.
Günel CƏLİLOVA