Fevralın 4-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev Qobustanda rayonun və ətraf bölgənin vətəndaşlarını qəbul edib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb və onlar nəzarətə götürülərək nazirliyin aidiyyəti məsul işçilərinə qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi tapşırılıb.
Səfər zamanı nazirliyin Qobustan rayon icra və probasiya, qeydiyyat şöbələrinin, dövlət notariat ofisinin fəaliyyəti və iş şəraiti, həmin qurumlarda vətəndaşların qəbulu işinin təşkili vəziyyəti ilə tanış olunub, həmçinin rayon məhkəməsinə baş çəkilib.
Nazir müavini dövlət başçısının fevralın 3-də respublikanın sosial-iqtisadi inkişafının yekunlarına dair keçirdiyi konfransda şəffaflığın təmin olunması, sui-istifadə hallarına və özbaşınalığa son qoyulması, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı verdiyi tapşırıqları diqqətə çatdıraraq, etik davranış qaydalarına dönmədən əməl olunmasını, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılmasını vurğulayıb, 2020-ci il "Könüllülər ili" çərçivəsində əhaliyə göstərilən ədliyyə xidmətləri sahəsində gənc könüllülərin cəlb olunmasının vacibliyini qeyd edib.