Rusiya Çində istehsal olunan mobil telefonlarla bağlı qadağa tətbiq edib. Belə ki, Çində istehsal olunan “Xiaomi”, “Vivo”, “Realme”, “Huawei”, “ZTE” və “Lenovo” smartfonlarının Rusiyaya gətirilmsəi dayandırılıb. Bu qərarın qəbul edilməsi Çində tüğyan edən koronavirus epidemiyası ilə bağlıdır. Qeyd edək ki, bu qadağa müvəqqəti xarakter daşıyır.
Onu da qeyd edək ki, ABŞ-ın “Apple” şirkətinin Çindəki bütün mağazaları koronavirusla əlaqədar müvəqqət olaraq bağlanıb. Cənubi Koreyanın “Samsung Electronics” şirkəti də eyni addımı atıb. Onlar da Çində yayılmış koronavirusla əlaqədar bu ölkədəki ən iri satış mərkəzini müvəqqəti bağlayacaqlarını açıqlayıblar.
Analoji qaydanın ölkəmizdə də tətbiq olunması gözlənir. Danılmaz faktdır ki, Azərbaycanın elektronik bazarında Çin məhsulları üstünlük təşkil edir. Çindən elektronik məhsulların, telefonların idxalının dayandırılması, satışına qadağa qoyulması bu sektorda qiymət artımına səbəb ola bilər. Çində yayılan koronavirus epidemiyası Azərbaycanın telefon bazarında qiymət dəyişikliyinə səbəb ola bilərmi?
Onu da bildirək ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi Çindən bir sıra ərzaq məhsullarının gətirilməsini müvəqqəti olaraq qadağan edib. Bu ərzaq məhsullarının ölkəyə gətirilməsinə icazə verilmir.
Kamran Məmmədov: “Elektronik məhsulların, o cümlədən, telefonların Çindən idxalının dayandırılması qiymət artımına səbəb olacaq”
İqtisadçı-ekspert Kamran Məmmədov bildirdi ki, Çində tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar nəinki telefon, həmçinin, digər məhsulların da qiymətində artım müşahidə olunacaq: “Ümumiyyətlə, Çindən gətirilən bütün məhsulların ixracatının müəyyən müddətə dayandırılması hazırda hədəfdədir. Dünya ölkələri Çin gömrüyü üzrə karantin elan edilməsinə nail olmaq istəyir. Yəni Ümumdünya Səhiyyə Təşkilatı, beynəlxalq təşkilatlar və ABŞ-ın əsas hədəfi budur. Bu yəqin ki Azərbaycana da ixracatın dayandırılmasına gətirib çıxaracaq. Çinin iqtisadi olaraq bloklanması, sözsüz ki, digər məhsulların da qiymətinin qalxmasına səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, elektronik məhsulların, o cümlədən, telefonların Çindən idxalının dayandırılması qiymət artımına səbəb olacaq.
Günel CƏLİLOVA