Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində mənzillərdə su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan pul istənilir. Bu barədə qəsəbə sakinlərinin şikayətlərində bildirilir. Şikayətçilər qeyd edirlər ki, binada su sayğaclarının dəyişdirilməsinə görə hər mənzil üçün 20 manat pul tələb olunur:
“Azərsu” binamızda su sayğaclarını dəyişir, soruşanda deyirlər ki, sayğacların dəyişdirilməsi üçün 20 manat ödəniş edilməlidir. 20 manatın 10 manatını zəhməthaqqı, yerdə qalanını isə “mufta-uqolnik” pulu üçün lazım olduğunu deyirlər. Ancaq nəzərə almaq lazımdır ki, “mufta-uqolnik” pulu maksimum 1-2 manat ola bilər. Biz başa düşmürük, ümumiyyətlə, bütün bunlar ödənişlidir, yoxsa ödənişsiz?”
Qeyd edək ki, su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan pul tələb olunmamalıdır. Ancaq Xətai rayonu, Əhmədli qəsəbəsində mənzillərdə su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan əlavə ödəniş tələb olunması düzgün deyil.
“Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir”
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, bu kimi hallarla bağlı quruma çoxlu sayda müraciət olur: “Həmin ərazidə “Azərsu” işləmir, podratçı şirkətlər çalışır. Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir. Amma məsələnin başqa bir tərəfi də var. Şəxsən özüm belə şikayətləri araşdıranda maraqlı faktlarla qarşılaşmışam.
Bəzən sakinlər deyirlər ki, su xəttini binanın çölü və ya damı ilə çəkin və ya elə edin ki, kafel zədələnməsin. Bu da tərəflər arasında sövdələşmələrə və şikayətə səbəb olur. Amma Əhmədlidə şikayət olunan ərazidə dəqiq ünvan və ya telefon nömrəsi verilərsə, məsələ tam şəkildə araşdırılar”. Günel CƏLİLOVA