Koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanması üçün xüsusi tibb müəssisəsi ayrılıb.
Səhiyyə Nazirliyindən “Trend”ə verilən məlumata görə, yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaq:"Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb".
Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu barədə agentliyə açıqlamasında Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır: "Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də mərkəzə daxil olan çinli tələbə isə hazırda müayinəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq".
Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb. Bu barədə "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov bildirib.
Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir: "Ümumilikdə, hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".
Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır: "Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".
M. Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.