“İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dərman firmalarının əməkdaşları birbaşa həkimlərlə görüşə buraxılmır”. Bunu "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov dərman firmaları ilə həkimlərin işbirliyi məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə mühafizə sistemi var: “Ona görə də tərəfimizdən bu kimi hallara yol verilmir. Amma hər hansı dərman şirkəti yeni məhsulunu tibb işçilərinə təqdim etmək istəyərsə, bunun üçün şərait yaradılır. Ümumilikdə, dərman firmalarının əməkdaşlarının həkimlər, tibb işçilərilə indvidual görüşlərinə icazə verilmir”.
Ekspertlərin fikrincə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə, xəstəxanalarda həkimlərlə dərman firmalarının əməkdaşlığına son qoyulacaq.
“…bütün ölkə üzrə tətbiqi gerçək olandan sonra həkimlərin dərman firmaları ilə əməkdaşlığına son qoyula bilər”
Məsələ ilə bağlı fikir bildirən professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, həkimlərin əksəriyyəti firmaların təklif etdiyi dərmanlarla işləyir. Dərmanların təyinatı müəyyən maraqlar əsasında aparılır: “Hesab edirəm ki, bu məsələ həll edilməlidir. Həkimlər dərman təyinatına xüsusi diqqət yetirsinlər. Məlumdur ki, ayrı-ayrı firmalar öz dərmanlarını satmaqda maraqlıdırlar”.
Həmsöhbətimiz onu da vurğuladı ki, hər bir firma istəyir ki, onun dərmanı daha çox yazılsın. Bu bir kommersiya marağıdır. Çünki dərmanı ölkəyə idxal edən firmalar tibbi təyinatlı kommersiya müəssisələridir ki, onların da maraqları biznes maraqlarıdır. Ona görə də bu məsələlərə yanaşma təsəvvürləri bir az yanlışdır. Hesab edirəm ki, əsas məsələ Azərbaycanın dərman bazarında keyfiyyətli dərmanların olmasıdır. Keyfiyyət parametrləri aşağı olan dərmanların Azərbaycana idxalına imkan verilməməlidir və insanlar bu dərmanlardan əziyyət çəkməməlidirlər.
Həkimlərin dərman firmaları ilə əməkdaşlığına son qoyulmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, icbari tibbi sığortanın bir sıra bölgə xəstəxanalarında deyil, bütün ölkə üzrə tətbiqi gerçək olandan sonra bu mümkün ola bilər
Günel CƏLİLOVA