Ünvanlı dövlət sosial yardımı proqramının əlçatanlılığının artırılması üçün qanunvericiliyə dəyişikliklər edilir. Artıq "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunda və "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları"nda dəyişiklik layihəsi hökumətə təqdim olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat şöbəsinin müdiri Babək Hüseynov media nümayəndələrinə məlumat verib. O qeyd edib ki, yeni qanunvericiliklə ailə tərkibində baş verən dəyişiklik barədə məlumat verilməsinə ehtiyac olmayacaq: “Həmçinin, götürülən kreditlər də ünvanlı sosial yardım almağa maneə törətməyəcək. Artıq vətəndaşlar bu barədə nazirliyə məlumat verməli olmayacaqlar”.
Ünvanlı sosial yardım almaq üçün şərtlərin sadələşdirilməsi ekspertlər tərəfindən də müsbət qiymətləndirilir.
“Ünvanlı sosial yardım almaq üçün şərtlərin asanlaşdırılması...”
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sosial islahatlar davam edir. Sosial yardımların verilməsində insan faktoru daha çox önə çıxırdı. Yerlərdə sövdələşmələr, müxtəlif qanunsuz yollarla sosial müavinətlərin təyinatı həyata keçirilirdi. Müraciətlər, qeydiyyatla bağlı ciddi problemlər var idi. İlkin olaraq, müraciətin sadələşdirilməsi, insan faktorunun tamamilə aradan götürülməsi müsbət addımdır: “Ünvanlı sosial yardım almaq üçün şərtlərin asanlaşdırılması aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq. Artıq ailələr çoxlu sayda sənəd toplamayacaq. Lazımi bir neçə sənəd kifayət edəcək ki, həmin ailəyə ünvanlı sosial yardım ayrılsın. Məlumdur ki, əvvəllər krediti olan şəxslərə ünvanlı sosial yardım verilmirdi. Ancaq indi bunun ləğv olunması ehtiyac içində olan ailələrin sosial durumunun inkişaf etməsinə səbəb olacaq”.
Günel CƏLİLOVA