Son zamanlar ölkədə tikinti şirkətlərinin sayının azalması yeni binaların inşasına marağın azalmasından xəbər verir. Şəhərin müxtəlif ərazilərində inşası natamam olan binalar var. Həmin binaların istifadəyə yararsız olması həm təhlükəsizlik, həm də o binadan mənzil sahibi olmaq üçün vətəndaşların müəyyən məbləğdə vəsait ödəyərək indiyədək mənzillərinə köçə bilməməsi baxımından acınacaqlıdır.
Həmin şəxslər mənzillərinin nə vaxt təhvil veriləcəyini gözləyirlər. Lakin binaların inşasının tamamlanmaması üzündən vətəndaşlar pulunu verib aldıqları mənzillərə köçə bilmirlər. Bu da onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Bu səbəbdən də inşası bitməyən tikililərin hərraca çıxarılmasl təklif olunur.
“...hərraca çıxarılmalıdır ki, tikilinin inşası digər şirkət tərəfindən başa çatdırılsın"
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bildirdi ki, tikintinin müəyyən bir müddəti var. Bu da tikinti normalarına əsasən həyata keçirilməlidir: “Əgər o normanı keçirsə, təbii olaraq, artıq müvafiq qaydalar çərçivəsində tədbirlər görülməlidir. Yəni tədbir ondan ibarətdir ki, müəyyən bir müddət əzrində yerli icra hakimiyyəti tərəfindən xəbərdarlıq olunmalıdır. Digər tərəfdən, onun hər hansı həll oluna biləcək problemi varsa, tikintinin sona çatdırılması üçün tədbir görülməli və ya dəstək göstərilməlidir. Yox, həll oluna bilməyən problemdirsə, layihə qiymətləndirilib hərraca çıxarılmalıdır ki, yarımçıq tikilinin inşası digər şirkət tərəfindən başa çatdırılsın".
Həmsöhbətimiz onu da vurğuladı ki, yarımçıq qalmış binaların dövlət tərəfindən müsadirə olunması qanunvericiliyə ziddir: “Çünki bu, sahibkarlıq subyektinə qarşı təzyiq hesab edilir. Onların taleyi məsələsi istənilən halda ikitərəfli razılaşma əsasında həll olunmalıdır. Çünki həmin binalar şəxsi mülkiyyətdir. Azərbaycanda bazar münasibətləri formalaşdığından, yarımçıq binalarla bağlı administrativ idarəetmə formalarına əl atmaq düzgün olmazdı. Lakin Rusiyada olduğu kimi, həmin tikililərin hərraca çıxarılaraq satılması mümkündür. Təbii ki, dövlət də əhalinin keyfiyyətli mənzillərdə yaşamasında maraqlıdır”.
Günel CƏLİLOVA