23/09/2020 19:51
728 x 90

Təhsil naziri məktəbli formalarının bahalığına qarşı çıxdısa – kasıbların bəxti gətirəcək…

Bakı Tikiş Evi - Etibar Əzimov: “…əvvəlki geyimdən seçiləcək”

img

Məlum olduğu kimi, Təhsil Nazirliyində 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanıb.

Layihəyə görə, qızlar üçün yay geyim formasının qısaqol köynək və ətəkdən, qış geyim formasının isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Yeni məktəbli formaları ilə bağlı məlumat ictimaiyyətə təqdim olunduqdan sonra geyimlərin qiyməti müzakirə mövzusuna çevrilib. Yeni məktəbli formalarının satış qiymətinin hazırda geyinilən formadan daha baha olacağı haqqında məlumatlar yayılır.

Təhsil naziri Ceyhun Bayramov bir neçə gün öncə media nümayəndələrinə açıqlamasında qeyd edib ki, formaların satış qiymətləri ilə bağlı konkret bir rəqəm söylənilə bilməz: “Çünki bu qiymət tələb və təklif əsasında formalaşır. Lakin formaların hazırlanmasında müəyyən standartlar var ki, biz buna nəzarət etməyə çalışırıq. Standartlara uyğun, keyfiyyətli məktəbli forması şagirdlərimiz üçün əlçatan olmalıdır”.

  • “Məktəbli formaları ilə bağlı nümunələr seçildikdən və təsdiqləndikdən sonra qiymətlər müəyyənləşəcək”

Yeni məktəbli formalarının satış qiymətinin necə tənzimlənəcəyi barədə fikir bildirən Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov qeyd etdi ki, yeni məktəbli formalarının hansı müəssisələrdə hazırlanacağı hələ bəlli deyil: “Hazırda bir neçə nümunədə məktəbli formalarının üzərində işləyirik. Bildiyiniz kimi, bazarda ən böyük müəssisə bizik və 10 ildir bu işlə məşğuluq. Hər il BTE-nin tikdiyi məktəbli formaları daha çox alınır. Həmçinin, BTE nişanı olan formalara cavabdehik və onların keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlanılaraq təsdiq edilir. Bununla yanaşı, əvvəlki məhsullarımız Avropa laboratoriyalarında da yoxlanılaraq sertifikat verilib”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qurumun hazırladığı məktəbli forması nümunələri nazirlikdə qəbul edilərsə, ötən illərdə olduğu kimi, yenə də BTE məhsullarını satışa çıxaracaq: “Qiymətlər barədə isə indidən nəsə demək mümkün deyil. Məlumat üçün bildirim ki, əvvəlki formada pencək var idi, yeni nümunələrdə isə yoxdur. Bir sözlə, məktəbli formaları ilə bağlı nümunələr seçildikdən və təsdiqləndikdən sonra qiymətlər müəyyənləşəcək. Sonra bu barədə ictimaiyyətə də məlumat verəcəyik”.

Günel CƏLİLOVA

Son xəbərlər