Cəriməni vaxtında ödəməyən şəxslər sərhəd keçid məntəqələrindən buraxılmayacaq

“Dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslər artıq müəyyən ediləcək”
“Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslərin müəyyən edilməsi prosesi başlanıb”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev media nümayəndələrinə açıqlamasında qeyd edib. K.Əliyev bildirib ki, cəriməni ödəməyənlərin sərhədi keçməsi yalnız müvafiq cərimə məbləğləri ödənildikdən sonra mümkün olacaq:“Həmin sərhəd məntəqələrində cərimələrin ödənilməsi üçün şərait yaradılıb və müvafiq terminallar quraşdırılıb. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cəriməsi olan şəxslərdən xahiş olunur ki, həmin cərimələri Bakı şəhərində, yaxud istənilən digər ərazilərdə fəaliyyət göstərən banklarda, terminallarda, habelə ödəniş məntəqələrində tam ödəsinlər ki, sərhəddə ləngimək məcburiyyətində qalmasınlar”.
Cəriməni ödəməyən sürücülərin dövlət sərhəd keçid məntəqələrində buraxılmaması ekspertlər tərəfindən müsbət qiymətləndirilir. Sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində qeyd etdi ki, dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslər artıq müəyyən ediləcək. Cəriməni vaxtında ödəməyən şəxslər sərhəd keçid məntəqələrindən buraxılmayacaq. Belə bir qaydanın tətbiq olunması insanları məsuliyyətli olmağa vadar edəcək: “Artıq insanlar biləcək ki, ona tətbiq edilən cəriməni ödəməsə sərhəddən buraxılmayacaq. Sərhəddə ləngimək istəməyənlər vaxtında cəriməni bank və ya digər ödəniş vasitələri ilə etsinlər”. Həmsöhbətimiz onu da əlavə etdi ki, bu qayda əvvəllər də olub. Sadəcə, tətbiq olunmurdu. Cəriməni ödəməyənlərin dövlət sərhəd xidmətindən buraxılmaması düzgün qərardır.
Günel CƏLİLOVA