Sabirabad Mərkəzi Xəstəxanasında fövqəladə nə baş verib...

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ alan xəstələrin kütləvi zəhərlənməsi haqqında məlumat yayılıb. Bu barədə məlumatı Saatlı rayon sakini Vüqar Ağakişiyev sosial şəbəkədə yayıb.
O qeyd edir ki, 8 ildir dializ xəstələrini evlərindən xəstəxanaya aparıb-gətirir: “Əvvəllər Saatlıdan Şirvana aparırdım, indi isə Sabirabad Rayon Xəstəxanasına aparıb-gətirirəm. Yanvarın 23-də səhər saat 8:00-da xəstəxanaya apardım. Saat 12:00-da geri qaytaranda vəziyyətləri yaxşı deyildi. Sonra evdə daha da ağırlaşıblar və qohumları xətəxanaya aparıb. Hazırda xəstələr Sabirabad Rayon Xəstəxanasının reanimasiya şöbəsindədirlər.
Xəstələrin yaxınları da bu məlumatı təsdiq edə bilərlər. Zəhərlənmiş xəstələrə xəstəxanada lazımi tibbi dəstək göstərilib. Ancaq kütləvi zəhərlənmənin nədən baş verdiyi barədə heç kimə məlumat verilmir”.
Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın tibbi statistik şöbəsinin nümayəndəsi Dürdanə adlı xanım “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xəstəxanada kütləvi zəhərlənmə olayı qeydə alınmayıb: “Əgər dializ xəstələri arasında kütləvi zəhərlənmə baş versəydi, o zaman tibb müəssisəsində təlaş baş verərdi. Dializ xəstələri arasında kütləvi zəhərlənmə qeydə alınmayıb”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bizimlə söhbətində qeyd etdi ki, hadisə barəsində ətraflı araşdırma aparılaraq ictimaiyyətə məlumat veriləcək.
Günel CƏLİLOVA