21/02/2020 18:48
728 x 90

Xaricdə oxuyan gənclərimizin yarıdan çoxu rayon məktəblərinin məzunlarıdır…

Məlahət Mürşüdlü: “Xaricdə təhsil alanlar arasında müxtəlif bölgələrdə təhsil alan məzunlar üstünlük təşkil edir”

img

Bu gün gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər xaricdə təhsil almağa can atırlar. Xaricdə təhsil alan gənclərin sayı ildən-ilə artır. Maraqlı məqam ondan ibarətdir ki, xaricdə təhsil alanlar arasında rayon təhsil müəssisələrində təhsil alanlar üstünlük təşkil edir.

Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatı yayılıb. Həmin hesabatda qeyd olunur ki, 2019/2020-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 807 nəfər olub. Xaricdə təhsil alan gənclərin 44,6 faizi Bakı, 55,4 faizi isə müxtəlif regionlarda yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.

Regionlarda təhsil alan gənclərin xaricdə təhsil almasına daha çox üstünlük verməsini ekspertlər də təsdiq edirlər.

  • “Yüksək balla tələbə adını qazananlar arasında...”

Təhsil eksperti Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, azərbaycanlı gənclər daha çox Rusiya və Türkiyədə təhsil almağa üstünlük verirlər. Bu ölkələrlə yanaşı, digər Avropa ölkələrində də təhsil almağa maraq göstərirlər: “Məlumdur ki, hazırda informasiya əsrində yaşayırıq. Gənclər gələcək karyerasını qurmaq üçün öncədən internet üzərindən araşdırma aparır. Bölgələrdə yaşayıb, təhsil alan gənclər də ali təhsillərini xarici ölkədə davam etdirmək üçün əcnəbi ölkələrdə mövcud olan universitetlərlə bağlı araşdırma aparırlar”.

Həmsöhbətimiz hesab edir ki, bölgələrdəki təhsil müəssisələrində oxuyan gənclər olduqca savadlı kadrlardır: “Ali məktəbə qəbul üzrə statistikaya nəzər salsaq görərik ki, yüksək balla tələbə adını qazananlar arasında bölgə məktəblərində təhsil alan gənclər üstünlük təşkil edir. Əvvəllər belə bir fikir var idi ki, paytaxt məktəblərində oxuyanlar təhsilə daha çox önəm verirlər. Ancaq bu gün məlum fikir ölkənin bütün rayonlarına şamildir. İstənilən rayon və kənddə yaşayanlar övladının yüksək səviyyədə təhsil almasında maraqlıdır”.

Günel CƏLİLOVA 

Son xəbərlər