25/02/2020 03:47
728 x 90

“Parklanma ödənişsizdir”, ancaq ödəməlisiniz – Bakı küçələrində əcaib məntiq, BNA nə deyir…

img

Məlum olduğu kimi, yanvarın 16-dan etibarən vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Bakı şəhərinin əsas küçə və prospektlərində parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.

Parklanmanın pulsuz olması barədə məlumat lövhələri qoyulsa da, bəzi ərazilərdə elə həmin lövhələrin yanında minik vasitəsini park edən şəxslərdən parklanma üçün müəyyən məbləğdə vəsait ödənilməsini tələb edirlər. Qeyd edək ki, həmin lövhələrdə açıq-aşkar bildirilir ki, sürücülərdən parklanmaya görə pul tələb edilmir. Ancaq buna baxmayaraq, məlumat lövhəsinin düz altında saxlanan hər bir avtomobildən yenə ödəniş alınır.

  • Bakı Nəqliyyat Agentliyi: “Sürücülər parkinq üçün heç bir şəxsə ödəniş etməməlidirlər”

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Agentlikdən bizə bildirildi ki, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib: “Məlumat lövhələrinin parklanma yeri olan bütün küçələrdə quraşdırılması nəzərdə tutulur. Sürücülər parkinq üçün heç bir şəxsə ödəniş etməməlidirlər”.

  • Ərşad Hüseynov: “Sürücülərdən parklanmaya görə ödəniş tələb olunsa da, həmin şəxslərə ödəniş etməsinlər”

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, artıq neçə ildir bu məsələ gündəmdə idi: “Sürücülər parklanmaya görə tələb edilən ödənişdən narazılıq edirdilər. Bu sahə ilə bağlı çoxlu sayda qanunsuzluq qeydə alınırdı. Sevindici haldır ki, Bakı Nəqliyyat Agentliyi parklanmaya görə şəhərin küçələrində ödənişin tələb olunmaması barədə məlumat lövhələri qoyub. Təəssüf ki, bəzi işbazlar həmin lövhələrin olmasına baxmayaraq, yenə də sürücülərdən pul tələb edirlər. Sürücülər bu məsələdə aktiv olmalıdırlar. Onlardan parklanmaya görə ödəniş tələb olunsa da, həmin şəxslərə ödəniş etməsinlər. Bununla bağlı aidiyyəti qurumlara müraciət etsinlər”.

Günel CƏLİLOVA

Son xəbərlər