07/07/2020 15:56
728 x 90

Sabunçunun Albalılıq qəsəbəsi - marşrutu yox dərəcəsində unudulmuş qəsəbə...

img

Sabunçu rayonu, Albalılıq qəsəbəsində marşrut problemi yenidən gündəmdədir. Qəsəbə sakinləri şəhərin mərkəzinə birbaşa ictimai nəqliyyatın olmadığından gileylənirlər.

Bir sözlə, qəsəbə sakinləri avtobus sarıdan əziyyət çəkirlər. Sakinlər iddia edirlər ki, metronun "Neftçilər" stansiyasından qəsəbəyə yalnız 186 nömrəli avtobuslar gəlir. Həmin xətdəki avtobusların sayı isə azdır. Sakinlər bildirirlər ki, qəsəbəyə gələn avtobus sayının az olması qəsəbədaxili yolların bərbad vəziyyətdə olması ilə bağlıdır. Xüsusən də yağışlı, qarlı havada yollardan keçmək mümkünsüzdür. Təbii ki, narahat yol avtobusun tez xarab olmasına səbəb olduğu üçün, həmin ərazi üzrə hərəkət edən daşıyıcıların sayı da az olur.

  • Qəsəbə sakini Xəlil Əliyev: “Sakinlər neçə ildir marşrut sarıdan əziyyət çəkirlər”

Qəsəbə sakini Xəlil Əliyev bizimlə söhbətində qeyd etdi ki, sakinlər neçə ildir marşrut sarıdan əziyyət çəkirlər: “Marşrut xəttində olan avtobusların tutumu isə balacadır. Avtobusların sayının az olması, üstəlik, tutumunun da az olması basabasın yaranmasına səbəb olur. Əgər xəttə böyük avtobuslar buraxılsa, belə çətinliklərlə üzləşmərik. Axşamlar yorğun işdən qayıdanda avtobusa minmək olmur. O dərəcədə sıxlıq olur. Sıxlıq üzündən səhərlər işə getmək, axşamlar işdən evə qayıtmaq müşküldür. Buna görə xeyli vaxt itiririk. Hansı ki, iritutumlu avtobuslar olsa və daşıyıcıların sayı artıq olarsa, bu qədər çətinlik çəkmərik”.

  • Bakı Nəqliyyat Agentliyi: “Problem həmin ərazidə yol infrastrukturunun mövcud vəziyyəti ilə bağlıdır”

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. BNA-dan bizə bildirildi ki, problem həmin ərazidə yol infrastrukturunun mövcud vəziyyəti ilə bağlıdır: “Yolların bu vəziyyəti avtobusların texniki baxımdan qısa bir zamanda yararsız hala düşməsinə səbəb olur. Hazırda marşrut xətti ilə bağlı müəyyən dəyişikliklər üzərində iş aparılır”.

Günel CƏLİLOVA

Son xəbərlər