05/07/2020 11:12
728 x 90

Bakı supermarketlərində erməni istehsallı şokolad?...

Eyyub Hüseynov: “Başqa dildə olan məhsulların Azərbaycan bazarında satılması insanlarımız üçün təhlükəlidir”

img

Sosial şəbəkələrdə marketlərin birində Emənistan istehsalı olan konfetlərin satılması barəsində foto paylaşılıb. “Xətai” metrosunun yaxınlığında, “Freshmart” supermarketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəlinib.

Vətəndaş bununla bağlı mağazanın rəhbərliyinə irad tutub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. Lakin bir gün sonra vətəndaş yenə həmin mağazaya gedib. Dediyinə görə, həmin İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokoladları qoyulub. Lakin diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur.

  • “Azərbaycanın əmtəə bazarında bir malın üzərində erməni dilində yazılıb, Azərbaycan dilində heç bir cümlə yoxdursa, bu o deməkdir ki…”

Marketdə satılan erməni konfetləri ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədəki müxtəlif mağazalara çoxsaylı təhlükəli mal gəlir: “Çox təəssüf ki, bu barədə müvafiq qurumlara dəfələrlə məlumat versəm də, məhəl qoyan yoxdur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, “Yeyinti məhsulu haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlara görə, ölkənin əmtəə bazarında satılan bütün mallar xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır. Azərbaycanın əmtəə bazarında bir malın üzərində erməni dilində yazılıb, Azərbaycan dilində heç bir cümlə yoxdursa, bu o deməkdir ki, mal Ermənistan üçün istehsal edilib və Azərbaycana daxil olmamalıdır: “Yaxın qonşularımızın hamısında bu qanun var və onların əmtəə bazarına milli dildə markalanmayan heç bir mal daxil olmur. Azərbaycanda isə belə deyil. Ümumilikdə, malların təxminən 50 faizi milli dildə markalanmadan ölkə bazarına daxil olur. Malın üzərində bir neçə xarici dil və o cümlədən də erməni dilində informasiya yazılıb, lakin Azərbaycan dilində məlumat yazılmayıbsa, mal ölkənin əmtəə bazarından çıxarılmalıdır. Malın üzərində həm erməni, həm də Azərbaycan dilində yazı varsa, deməli, bu, tamamilə qanunidir. Başqa dildə olan məhsulların Azərbaycan bazarında satılması insanlarımız üçün təhlükəlidir. Bizim düşmənimiz olan ermənilər dünyanın hər yerində yaşayırlar. Onlar bilərəkdən bu məhsulun tərkibini dəyişməklə, ölkədə ciddi problem yarada bilərlər. Ona görə də məsələyə ciddi yanaşmaq lazımdır".

Günel CƏLİLOVA

Son xəbərlər