26/01/2020 12:59
728 x 90

Altıağaca istirahətə gedənlər nədən narazı qayıdıblar - istirahət mərkəzi necə izah verdi…

img

"Cənnət Bağı Altıağac" İstirahət Mərkəzi: “Haqlı şikayətdir, dediyimiz heç bir şey orada yaşananlara haqq qazandırmayacaq”
Elçin Rüstəmov: “Bəzi istirahət mərkəzlərində keyfiyyətlə xidmət uyğun gəlmir”

 

Qış fəslində istirahət etmək, tətil keçirib, qarlı havanın dadını çıxarmaq istəyənlər az deyil. Azərbaycanda qış turizmi obyektlərinin sayı artsa da, hələ də dünya turizm obyektləri ilə müqayisədə eyni səviyyədə deyil. Belə ki, son zamanlar istirahət mərkəzləri ilə bağlı mütəmadi olaraq, şikayətlər, narazılıqlar səngimək bilmir.

“Cənnət bağı Altıağac” istirahət mərkəzində istirahət etmək istəyən Hicran Quliyeva həmin məkandan narazı qalıb. H.Quliyeva iddia edir ki, o 4 uşaqla soyuqda qalıb: “Yanvar ayının 4-nə Altıağac İstirahət Mərkəzində iki gün əvvəlcədən 2 ailə üçün yer rezerv etdik. Mərkəzə çatanda bizə hələ otaqların boşalmadığı bildirildi. Hava soyuq olduğundan mərkəzin ərazisində yerləşən restorana getməyi qərara aldıq. 30 dəqiqəyə yaxın bizə heç kim yaxınlaşmadı. Daha sonra saat yarımdan çox da sifarişimizi gözlədik. Günümüzün yarısı otelin səriştəsiz işçilərinin ucbatından restoranda və soyuq havada keçdi. Saat 16:00-17:00 arası qeydiyyat şöbəsinə yaxınlaşdıq, ancaq hələ də otaqlar hazır deyildi. Dediklərinə görə, qonaqlar o qədər çoxdur ki, xadimələr otaqları təmizləməyə çatdırmır.

Şikayət etmək üçün otel rəhbərliyi ilə görüşmək istədik, bu zaman da üzərimizə mühafizəçiləri göndərdilər. Kobud formada bildirildi ki, xoşunuz gəlmirsə, pulunuzu alıb gedin. Yanımızda birinin 4 yaşı olmaqla 4 uşaq var idi.

Duşünmürlər ki, axşam vaxtı bu balaca azyaşlı uşaqlar dumanlı qarlı havada, buz bağlamış yollarda hər hansı təhlükə ilə üzləşə bilərlər? Turizmi inkişaf etdirmək istəyirik, ancaq Azərbaycan vətəndaşlarına belə xidmət göstərildiyi halda, xarici qonaqlara xidmət necə olacaq?”

Məsələ ilə bağlı "Cənnət Bağı Altıağac" İstirahət Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən “Bakı-Xəbər”ə verilən məlumata görə, qeyd olunan problem yerindəcə araşdırılıb və  müştərinin dedikləri doğrudur: "Haqlı şikayətdir, dediyimiz heç bir şey orada yaşananlara haqq qazandırmayacaq”.

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov isə qeyd etdi ki, bəzi istirahət mərkəzlərində keyfiyyətlə xidmət uyğun gəlmir. Əvvəlki illəri müqayisə etsək, yavaş-yavaş müsbətə dəyişmə var. Ancaq yenə də bəzi sahələrdə problem yaranır. Bizim insanların çox qəribə xüsusiyyəti var. Hər şeydən çox pul qazanmaq istəyirlər. Nəticədə bu cür xoşagəlməz olaylar baş verir”.

Günel CƏLİLOVA

Son xəbərlər