19/01/2020 08:57
728 x 90

Xırdalanda kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı xəbəri yayıldı…

Anar Cəbrayıllı: “Yuxarı hissələrdə çəkilən kanalizasiya xətlərinin sistemə tam qoşulması təmin olunmadığı üçün baxış quyusunda qaynama var”

img

Bir neçə gün əvvəl Xırdalanda Həsən Əliyevlə Heydər Əliyev küçələrinin kəsişməsindəki dairəvi yolda daşan kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı barədə məlumat yayılmışdı.

Həmin ərazidə yaşayanlar bildirirlər ki, H.Əliyev küçəsi 36 ünvanında kanalizasiya suları, sözün həqiqi mənasında, bulaq kimi “aşıb-daşır”. Bu hal həmin ərazidən gedib-gələnlər üçün çətinlik yaradır. Yola yığılan çirkab sular, ilk növbədə, üfunət iyinin ətrafa yayılmasına səbəb olur. Bununla yanaşı, həmin ərazidə antisanitariya şəraitinin qeydə alınması bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Sakinlər onu da qeyd edirlər ki, yola yığılan çirkab daha çox “120 nömrəli avtobusun axırıncı dayanacağı” kimi tanınan ərazidən başlayaraq, bir neçə nöqtədə Ceyranbatan su anbarına axıdılır. Suyun çıxdığı yerdə torpaq hissə qazılıb və axıntı minlərlə evin içməli su mənbəyi olan anbara doğru istiqamətləndirilib.

  • “Axıntının Ceyranbatan su anbarına heç bir qarışacağı yoxdur, həmin sahildə bir gölməçə var, bu axıntı su da ora axır”

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, yuxarı hissələrdə çəkilən kanalizasiya xətlərinin sistemə tam qoşulması təmin olunmayıb. Ona görə orada baxış quyusunda qaynama var: “Ancaq axıntının Ceyranbatan su anbarına heç bir qarışacağı yoxdur. Həmin sahildə bir gölməçə var, bu axıntı su da ora axır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qeyd edilən ərazidə kanalizasiya xəttinin tikintisinə Bakı Mühəndislik Universiteti tərəfdən başlayaraq, Xırdalan istiqamətində davam edilib. Yaxın vaxtlarda 2 ədəd 12 metrlik yeni kollektor çəkilib mövcud olana birləşdiriləcək ki, bununla da problem tamamilə aradan qaldırılacaq.

Günel CƏLİLOVA

Son xəbərlər