“Bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər". Bunu Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Anar Quliyevi qəbul edərkən deyib.
Prezident qeyd edib ki, əhali artır, iqtisadi fəallıq, sənaye artır və artmalıdır: “Ona görə növbəti illərdə çox düşünülmüş addımlar atılmalıdır. Biz son illərdə 3200-dən çox məktəb tikmişik. Ancaq hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir. Yəni artan əhali bütün infrastruktura artan yük deməkdir - həm nəqliyyata, həm sosial infrastruktura, həm də ictimai zonaların fəaliyyətinə”.
Prezident çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, bəzi ərazilərdə məktəb tikintisi üçün yer tapılmır. Bu hal daha çox Abşeron rayonunda yaşanır.
Maraqlıdır, Abşeron rayonunda hansı məktəblərin vəziyyəti pisdir? Bu problemin həll olunması üçün nə kimi işlər görülməlidir?
“Abşeron rayonu Binəqədi qəsəbəsində sakinlərin məskunlaşma sayı çox olsa da, məktəb sayı olduqca azdır”
Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində qeyd etdi ki, hazırda ölkədə 4447 ümumtəhsil məktəbi var. Bu məktəblərdə 1,6 milyona yaxın şagird təhsil alır: “Statistik rəqəmlərə əsasən, dünya ölkələri ilə müqayisədə Azərbaycanda məktəblə təmin olunma 100 faizdir. Ancaq bu o demək deyil ki, şagirdlər geniş şəkildə məktəb infrastrukturundan istifadə edirlər. Şagird sıxlığı olan məktəblərin sayı az deyil. Bu hal daha çox Bakıətrafı qəsəbələrdə müşahidə olunur. Məsələn, Binə qəsəbəsində 6 məktəb var. Ancaq həmin ərazidə əlavə 3-4 məktəbə ehtiyac var. Eyni zamanda, Mərdəkan, Qala, Buzovna, Nardaranda, Abşeron rayonunda əlavə məktəblərin inşa olunmasına ehtiyac var. Məlumat üçün bildirim ki, Bakı şəhərində 320 orta məktəb var. Bu say 2 milyon sakin üçün nəzərdə tutulmuşdu. Ölkədə gedən iqtisadi inkişaf nəticəsində vətəndaşların sayı artıb, ancaq məktəblərin sayında o qədər də artım yoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bələdiyyələr və icra nümayəndələri torpaq sahələrini yaşayış sahəsi kimi satıb və ya istifadəyə veriblər. Bu zaman yaşayış sahələrinin həcmi çoxalsa da, orada qeyri-dövlət orqanlarının fəaliyyəti üçün yer qalmayıb. Abşeron rayonu Binəqədi qəsəbəsində sakinlərin məskunlaşma sayı çox olsa da, məktəb sayı olduqca azdır. Belə olan halda, həmin məktəblərdə şagird sıxlığı da müşahidə olunur. Məlumat üçün bildirim ki, Bakıətrafı kəndlərdə bir sinifdə ən azı 39-44 şagird təhsil alır. Belə olan halda, şagird ona başa salınan dərsi tam qavraya bilmir. Bu səbəbdən də həmin ərazidə heç olmasa bir və ya ikimərtəbəli məktəblərin tikilməsinə lüzum var”.
Günel CƏLİLOVA