İsveçrənin "Henley&Partners" şirkətinin tərtib etdiyi dünyanın "ən güclü" pasportlarının reytinqində Azərbaycanın da adı var. Reytinqdə 199 ölkə iştirak edib. Məlumat üçün bildirək ki, şirkət "ən güclü" pasportları müəyyən etmək üçün Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) məlumatlarından istifadə edib. Reytinq seçilmiş ölkə vətəndaşlarının neçə xarici dövləti vizasız və sadələşdirilmiş qaydada ziyarət edə biləcəyini ifadə edən hərəkət azadlığı indeksinə əsaslanır.
Siyahıya əsasən, Yaponiya və Sinqapur vətəndaşları dünyanın "ən güclü" pasportlarına sahibdirlər. İlk sıraya, həmçinin, Almaniya, Cənubi Koreya, Finlandiya, İtaliya, Lüksemburq, İspaniya və Danimarka daxildir.
Onu da bildirək ki, siyahıda Azərbaycan 76-cı yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər.
Maraqlıdır, Azərbaycan pasportlarının ən güclü əlamətləri nədir?
“Azərbaycan vətəndaşlarının hazırda istifadə etdikləri pasportlar dünya standartlarına tam uyğundur”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan vətəndaşlarının hazırda istifadə etdikləri pasportlar dünya standartlarına tam uyğundur: “Ümumvətəndaşlıq pasportlarının görünüşündən başqa digər əhəmiyyətli məsələ onun “gücü” ilə bağlıdır ki, bu reytinq vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir. Bu reytinqə görə, Azərbaycan pasportu dünyada "gücünə" görə 76-cı yeri tutur. Azərbaycan bu siyahıda qonşu ölkələri qabaqlayıb. Son illər Azərbaycanın xarici siyasətində həyata keçirdiyi addımlar növbəti illərdə bu reytinqdə daha da irəliləyəcəyimizi deməyə əsas verir. Ümid edək ki, vətəndaşlara verilən ümumvətəndaşlıq pasportları keyfiyyətində də dünya ölkələri reytinqində aparıcı mövqelərdə qərarlaşacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, reytinqə görə, Azərbaycan pasportu ilə 67 ölkəyə vizasız səfər etmək olar: "Reytinqdə 199 ölkə iştirak edib. Bal pasport sahibinin vizasız gedə bildiyi ərazilərin sayı əsasında hesablanır".
Günel CƏLİLOVA