Aküşəpeştə Lerik rayonunun ucqar dağ kəndi olmaqla, ərazicə çox da böyük deyil. Bərəkətli torpaqları, saf havası, zəhmətsevər, qonaqpərvər, etibarlı adamları ilə yaxşı ad qoyub. Burada hansı qapını açsan, səmimiyyət görərsən, qabağına bol süfrə açarlar.
Onlar müstəqil Azərbaycanın hərtərəfli inkişafına ürəkdən sevinir, dövlət başçısına, onun apardığı xarici, daxili siyasətə böyük inam göstərirlər. Gileyləri isə yalnız rayon rəhbərlərinin bu yaşayış məntəqəsinə, eləcə də ətraf kəndlərə biganə münasibətindəndir. Bu yerdə kənd sakinlərinin dediklərinə baxaq.
Güləli Quliyev kəndin ən hörmətli ağsaqqal ziyalısıdır. Uzun illər müəllim işləyib, öz peşəsinin şərəfini uca tutmaqla bərabər, ictimai işlərdə fəal olmaqla el-obanın tərəqqisində böyük zəhmət sərf edib. Güləli müəllim deyir:- Bu gün Azərbaycanın öz dinamik inkişafı ilə dünya birliyində nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada durmasına bizim camaat da sevinir. Bəli, Prezident İlham Əliyevin gecə-gündüz yorulmadan çalışması hər bir vətəndaşın azad, firavan yaşaması üçündü. Qaldı ki, Lerikdə rəhbər vəzifədə olanların gözləri özündən başqa heç kimi görmür. Nəticədə kəndlərdə həlli vacib olan sosial problemlər ilbəil qalaqlanır. Aküşəpeştə kəndi də belə. Dövlət əraziyə rahat yol çəkib. İctimai nəqliyyatın yoxluğu üzündən ara sürücülər başımıza oyun açır. Bir manatlıq yolu on manata gedirik. Haçan gəldi kəndin işıqları söndürülür. On ildir mavi qaz məsələmiz yubadılır. Yanacaq qıt olduğu üçün şaxtalı qış günlərində daha çox əziyyət çəkirik. Başqa problemlərimiz də var. Hələ bu vəziyyət rayon rəhbərlərinə çatmır. Öz Prezidentinə inanan camaat isə hər şeyə dözür...
Kənd sakini Bəhruz Qafarov:- Baxanda, respublikamızda böyük quruculuq işləri görülür. Vətəndaşların rahatlığı üçün yeni-yeni sosial layihələri həyata keçirilir. Bizim dağ kəndində isə əksinədir. Sosial problemlərin əlindən çətin vəziyyətdə qalmışıq. Gündəlik qayğıları daim üzərimizdə hiss edirik. Bu da əsasən rayon rəhbərlərinin günahıdır. Kəndimizin qaz problemi həllini tapmadığı üçün qış bizə çətin olacaq. İndi ümidi tək ölkə rəhbərinə bağlamışıq. O öz xalqının qayğısı ilə yaşayır. Təəssüf ki, səsimiz ona çatmır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü