Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsi çərçivəsində 6 yanvar 2020-ci il tarixində Bakı Biznes Universitetində bütün professor-müəllim heyətinin iştirakı ilə keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən geniş məzmunda 1 günlük təlim keçirilib. Təlimin məqsədi tədris prosesinin tələbə mərkəzli yanaşma əsasında qurulmasını praktiki olaraq nümayiş etdirmək olub.
Belə ki, təlim müddətində tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris metodları, qiymətləndirmə və mənimsəmə nəticələri və onlarınmüəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təlimçi tərəfindən təqdimat keçirilib. Eyni zamanda, tələbə mərkəzli yanaşmanın əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsinə imkan verən sorğu və geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılıb.
Daha sonra professor-müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdiriblər. Təlim sual-cavab diskussiyası ilə davam etdirilib və faydalı müzakirələr aparılıb.