“Südün anadan steril olmayan cihazlarla çəkilməsi, ya da steril olmayan qablarda saxlanması səbəbindən internetdə satılan ana südü bakteriya və və viruslarla zəngin ola bilər”
Bu gün dünyanı bürüyən internet satış portallarında ağıla gələn, gəlməyən bütün məhsullar satılır. Hətta əvəzolunmaz hesab edilən təbii ana südünü belə internet üzərindən əldə etmək mümkünləşib. Uşaq dünyaya gətirən analar südü çox olduğu halda onu internet saytlarında qanunsuz satışa çıxarırlar. Satışa çıxarılan ana südünün qiyməti isə qramına görə dəyişir. Buna baxmayaraq, hər şeyin adi çağırıldığı Avropada belə ana südünün internetdən satışı mütəxəssislər tərəfindən qınaqla qarşılanır. Həkimlər internet üzərindən ana südü almağın təhlükəli olduğunu düşünürlər. Qeyd edək ki, internetdə satılan ana südü, adətən, ümumiyyətlə övladlarına süd verməyən və ya xəstəliyi olan ailələr tərəfindən satın alınır. Bəzi ailələr başqalarına yardım üçün bu südü pulsuz verir, digərləri isə bunu pul qarşılığında satır. Pediatr Mətanət Əliyeva bizimlə söhbətində qeyd etdi ki, dünyaya gələn uşaq ana südü ilə qidalanmalıdır: “Ana südünün körpələr üçün unikal faydaları olduğu hər kəsə bəllidir. “Maye qızıl” deyə tanınan ana südü bir sıra xarici ölkələrdə qızıl qiymətinə satılmaqdadır. Belə bir halın ölkəmizdə olması təəssüf doğurur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, internet üzərindən satılan ana südünün daşıdığı təhlükə gətirəcəyi faydadan daha çoxdur: “Nəzərə almaq lazımdır ki, ana südününün internet üzərindən satılması və ya qohumun, tanışın ehtiyacı olana ana südü verməsi gigiyenik baxımdan düzgün deyil. Çünki ana südü hər hansı bir ekspertizadan keçmədiyinə görə yoluxucu virus daşıya bilər. Onu da qeyd edim ki, südün anadan steril olmayan cihazlarla çəkilməsi, ya da steril olmayan qablarda saxlanması səbəbindən internetdə satılan ana südü bakteriya və və viruslarla zəngin ola bilər”.
Günel CƏLİLOVA