Dekabrın 27-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz şəhərində Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Qusar şəhərində, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Şabran şəhərində Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.