Son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.
Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olarkən Azərbaycanın yol infrastrukturunun inkişaf səviyyəsi ilə bağlı fikir bildirib. Dövlət başçısı qeyd edib ki, yol infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 27-ci yerdədir, bu böyük nəticədir: “Həm əhatə dairəsi artır, həm də keyfiyyət. Bu il min kilometrdən çox yol çəkilib. Gələn il də bu templə gedəcəyik”.
Qeyd etdiyimiz kimi, Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə reytinq cədvəllərində ön sırada yer alır.
Maraqlıdır, Azərbaycan yol infrastrukturunun hansı üstünlüklərinə görə dünyada 27-ci yerdə qərarlaşıb?
“Təmir olunmuş yolların vəziyyəti, beynəlxalq regional layihələrdə Azərbaycanın iştirak etməsi…”
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yol infrastrukturunun inkişaf səviyyəsi müəyyən olunarkən, ilk növbədə, ölkənin iqtisadi inkişaf dərəcəsi nəzərə alınır. Ölkənin iqtisadi inkişafı qanaedici səviyyədə olarsa, həmin ölkənin yol infrastrukturu da yüksək səviyyədə olar: “Bununla yanaşı, təmir olunmuş yolların vəziyyəti, beynəlxalq regional layihələrdə Azərbaycanın iştirak etməsi də qiymətləndirmə prosesində nəzərə alınır. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycanda yol infrastrukturu yüksək sürətlə inkişaf edir”.
Həmsöhbətimiz hesab edir ki, hər bir ölkənin yol infrastrukturunun inkişaf etdirilməsi vacibdir. Hansısa ölkənin yol infrastrukturu yaxşı haldadırsa, demək, həmin yerin iqtisadi durumu normal səviyyədədir. Azərbaycanın yol infrastrukturunun vəziyyəti ilə bağlı müsbət rəyi beynəlxalq təşkilatlarla yanaşı, ölkəmizə təşrif buyuran xarici turistlər də verirlər: “Onlar Azərbaycanın bölgələrinə səfər edərkən yolların vəziyyətindən razı qaldıqlarını dəfələrlə öz media qurumlarına açıqlamalarında deyiblər. Bu kimi rəylər qiymətləndirmə dərəcəsinə təsir edir”.
Günel CƏLİLOVA