Yeni ilin gəlməyinə artıq sayılı günlər qalıb. Bütün dünya bayramı xüsusi təmtəraqla qarşılamağa hazırlaşır. Azərbaycanda isə bayram təkcə Yeni ilin gəlməsi ilə bitmir, 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Yəni həmin gün xalqımız üçün ikiqat bayramdır. Təbii olaraq, həmin gün hər kəs öz büdcəsinə görə hərəkət edəcək.
Adətən insanların əksər hissəsi bayramı öz evində, bir qismi xaricdə, digərləri isə restoranlarda keçirməyə üstünlük verir, paytaxtın çoxsaylı əyləncə və istirahət mərkəzinə üz tuturlar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-birilə rəqabətə girərək, daha yaxşı proqram hazırlamaq və insanları məkanlarına cəlb etmək üçün "dəridən-qabıqdan" çıxırlar. Bu da restoranlarda qiymətlərə təsir edir. Yeni il proqramı təklif edən bir neçə restoranla müştəri kimi əlaqə saxlayıb, qiymətləri və proqrama nələrin daxil olduğunu öyrəndik.
Restoranların əksəriyyətində eyni zalda bir neçə qiymət təklif edilir. Qiymət arasındakı fərqin səbəbi müştərinin səhnəyə yaxın olması ilə əlaqədardır. Belə ki, şou-proqramı daha yaxından izləmək istəyənlər daha çox pul xərcləməlidirlər. Qiymətlər 80-450 manat arasında dəyişir.
Onu da qeyd edək ki, restoranlar arasında qiymət fərqi olmasının səbəblərindən biri də bayram gecəsi səhnəyə çıxacaq müğənnilərlə bağlıdır. Həmin müğənni tanınmışdırsa, şou-proqramı yaxından izləmək istəyənlər 450 manatından keçməli olacaq. 450 manata 2 nəfər restoranda Yeni ili qarşılaya bilər. Nisbətən orta səviyyəli müğənnilərin səhnə aldığı restoranlarda qiymət 80-200 manat arasında dəyişir.
Ancaq ekspertlər isə bildirirlər ki, restoranların bayram gecəsi üçün təklif etdiyi qiymət qonşu ölkələrlə müqayisidə bahadır. Bakı restoranlarında bir gecə üçün 300-450 manat xərcləmək yerinə eyni məbləğlə Gürcüstan, Rusiyada Yeni ili qarşılamaq olar.
Bəxtiyar Fətullayev: “Yeni il proqramlarının qiyməti bir sıra amillərdən asılıdır”
Paytaxt restoranlarından birində çalışan Bəxtiyar Fətullayev bizimlə söhbətində bildirdi ki, Yeni il proqramlarının qiyməti bir sıra amillərdən asılıdır: “Bu, ilk növbədə, dəvət olunan müğənnilərdən asılıdır. Eyni zamanda, veriləcək yeməklərin, axşam xidmət göstərəcək işçilərin xərci də hesablanır. Və bütün bunlar nəzərə alınaraq, qiymətlər müəyyənləşdirilir”.
Pərviz Heydərov: “Bayramla bağlı restoran şəbəkələrində və digər xidmət obyektlərində qiymətlərin yüksək olması…”
İqtisadçı-ekspert Pərviz Heydərov qeyd etdi ki, ölkənin istehlak bazarında qiymət artımı mövcuddur: “Bayramla bağlı restoran şəbəkələrində və digər xidmət obyektlərində qiymətlərin yüksək olması ötən illər ərzində müşahidə edilib. İndiki qiymətlərlə müqayisə etməli olsaq, əvvəlki illərlə elə də ciddi fərq müşahidə etmərik. Yəni hər il bu belə qeydə alınıb. Həm tələbin yenə də, əvvəlki illərdə olduğu kimi, kifayət qədər yüksək olması, həm də təklifin əvvəlki illərlə müqayisədə bahalaşması ilə əlaqədardır”.
Günel CƏLİLOVA