“Azərbaycanın orqanik xəritəsi hazırlanacaq. Milli sortlarımız beynəlxalq bazarlarda daha geniş şəkildə tanıdılmalıdır”. Bunu “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin (AOPE) sədri Emin Əliyev bu günlərdə Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bununla bağlı təklif hazırlanıb, yaxın günlərdə donor təşkilatlara təqdim edilməsi gözlənir: “Təbiiliyini qorumuş ərazilərin xəritəsi hazırlanacaq”.
Qeyd edək ki, Azərbaycanın orqanik xəritəsinin hazırlanması uzun müddət müzakirə olunurdu. Mütəxəssislər dəfələrlə öz çıxışlarında hər bir bölgənin özünəməxsus xəritəsinin hazırlanmasının vacibliyini qeyd etmişlər.
Natiq Cəfərli: “Orqanik məhsulların istehsalı və satışı daha gəlirli sahə sayıldığı üçün, bu tip xəritənin olması vacibdir”
İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda bütün dünyada orqanik məhsulların istehsalının genişləndirilməsi məqsədilə xüsusi xəritələr hazırlanır: “Orqanik məhsulların istehsalı və satışı daha gəlirli sahə sayıldığı üçün, qeyd olunan sektora daha çox diqqət ayrılır. İnsanların orqanik məhsula üstünlük verməsi fermerlərin stimullaşdırılmasını zəruri edir. Azərbaycanda da belə bir xəritənin yaradılması vacibdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təbii şəraiti imkan verir ki, Azərbaycan orqanik məhsullarla dünyaya çıxsın. Məhsullarla bağlı ayrıca məlumat bazasının olması fermerlərə əlavə imkan verəcək ki, öz məhsullarını lazımi ərazilərdə istehsal etmək barədə məlumatlanmaqla, daha çox gəlir əldə etsinlər.
Məlumat üçün bildirim ki, Azərbaycanın ənənəvi kənd bazarı olan Rusiyada orqanik xəritə elə də məşhur deyil. Bunun da səbəbi adıçəkilən ölkənin iqlim şəraiti ilə bağlıdır. Ancaq ölkəmizin iqlim şəraiti imkan verir ki, müxtəlif növ orqanik məhsullar istehsal edilsin. Beləliklə, ölkəmiz Avropa bazarlarına daha rahat çıxış imkanı əldə edə bilər. Belə olarsa, fermerlər orqanik məhsulları Rusiya bazarından fərqli olaraq qat-qat baha qiymətə Avropa bazarına çıxa bilərlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, orqanik xəritənin olması investorlar üçün də maraqlıdır. Yerli və xarici investorlar xəritə sayəsində ölkənin hansı ərazisində bu və digər məhsula daha çox tələbat olduğunu bilərlər.
Günel CƏLİLOVA