2019-ci ilin son günlərini yaşayırıq. Artıq neçə gündür bütün evlər Yeni ilin atributu olan yolkalarla bəzədilib. Üstündəki oyuncaqlar, böyründəki şaxta baba və qar qız, qışı simvollaşdıran bütün bər-bəzək də öz yerində. Ciblərin geniş açıldığı bu günlərdə valideynlər azyaşlı uşaqlarını şaxta babanın adı ilə sevindirməyi də unutmurlar.
Buna baxmayaraq, gözləri qapıda qalan uşaqlar canlı şaxta babanı öz gözləri ilə görməkdən, onunla söhbətləşməkdən, yanaşı durub şəkil çəkdirməkdən ötrü valideynlərindən daha bir sürpriz gözləyirlər. Həmin sürpriz də şaxta babaların evə dəvət olunmasıdır. Bu isə ailənin büdcəsinə bağlıdır. Şaxta baba ola da bilər, olmaya da. Əsas odur ki, Yeni ilin gəlişini elə uşaqlar qədər səbrsizliklə gözləyən böyüklər körpələri nə iləsə sevindirə bilsinlər.
Şəhərin istənilən ərazisində yolkanın ətrafında dayanan şaxta baba və qar qızla yanaşı, mənzillərə yollanan şaxta babalar da var. Məlumat üçün bildirək ki, Yeni ilin əsas personajları olan şaxta baba və qar qız olmaq istəyənlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 60 manat dəyərində rüsum ödədikdən sonra bu işi icra edə bilərlər.
Ancaq elə şaxta baba və qar qızlar var ki, onlar qeydiyyatdan keçmədən, sadəcə, şaxta baba geyimini geyib mənzillərə gedirlər. Təbii ki, həmin şaxta baba və qar qızların lisenziyası yoxdur. Lisenziyası olmayan Yeni il personajları barədə xoşagəlməz məlumatlar yayılır. Həmin personajlar mənzillərə yüksək qiymətə getməkdən əlavə, şaxta baba adından istifadə edib, oğurluq məqsədilə evə daxil olanlar da var. Belə bir fakt dəfələrlə qeydə alınıb. Hətta rəsmi qurumlar da lisenziyası olmayan şaxta baba və qar qızlarla bağlı vətəndaşları diqqətli olmağa çağırırlar.
“…niyyəti uşaqları sevindirmək yox, daxil olduğu mənzildən qiymətli nəsə oğurlamaqdır”
Sosial sahə üzrə ekspert Aytəkin Kamranqızı bildirdi ki, evlərə gedən şaxta babalar və qar qızlar aidiyyəti qurumlardan lisenziya almalıdırlar: “Ancaq elə şaxta baba və qar qızlar var ki, onlar lisenziya almadan, sadəcə, həmin personajın geyimini satın almaqla bu işlə məşğul olurlar. Onlar Yeni il gecəsi qapı-qapı gəzib evdə olan uşağı sevindirmək istədiyini deyirlər. Ev yiyəsi də uşaqların könlü xoş olsun deyə tanımadıqları və rəsmi icazəsi olmayan şaxta babanı evinə dəvət edir. Təəssüf ki, bəzi hallarda Yeni il personajlarının niyyəti uşaqları sevindirmək yox, o mənzildən nəsə oğurlamaqdır. Hətta ötən illərdə mənzilə daxil olan şaxta babanın evdən oğurluq etdiyi faktı da aşkar olunub. Bu kimi hallar dəfələrlə qeydə alınıb. Bu səbəbdən də aidiyyəti qurumlar şaxta baba geyimi ilə mənzillərə daxil olan şəxslərə nəzarət etməlidirlər. Həmçinin, vətəndaşlar da bu məsələdə həssas olmalıdırlar. Şəhərimizin sakinləri belə məsələlərdə diqqətli olmalıdırlar. Vətəndaşlar evlərə gələn şaxta baba və qar qızdan mütləq lisenziya tələb etməlidirlər”.
Günel CƏLİLOVA