“Dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır, əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb”
Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanıb. Bu barədə Dövlət Komitəsinin 2019-cu ilin yekunlarına dair hesabatında qeyd edilib. Hesabata əsasən, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə beynəlxalq sənədlərə Azərbaycanın qoşulması istiqamətində tədbirlər görülməkdədir.
Uşaq strategiyasının əhəmiyyəti haqqında danışan “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, uşaq strategiyasının olması vacibdir: “Müvafiq dövrdə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün dövlət tərəfindən müəyyən işlər görülür və görüləcək”. Birlik sədri onu da vurğuladı ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır:“Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti, demək olar ki bərabərləşib. Belə ki, hazırda əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı maarifləndirmə kampaniyalarının aparılması zəruridir”.
Günel CƏLİLOVA