Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu və Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, tədbirdə universitetin müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyevabarədə məlumat verərək bildirib ki, Vaqif Mustafazadə sənətkar ifası, novatorluğu ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub gətirərək, yaşadığı qısa bir zaman məsafəsində dünyanı heyrətləndirə bilib. Yaradıcılığa kiçik yaşlarından başlayan Vaqif Mustafazadənin sənət uğurları məhz onun sənət səhifələrini bəzəyib. Belə ki, sənətkar musiqisi ilə dünyaya səs salıb. Onun adı Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısı olaraq sənət tarixinə həkk olunub. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam kimi qiymətləndirilib. Sənətkarı Azərbaycan muğam-caz hərəkatının memarı da adlandırırlar. Vaqif Mustafazadə zaman anlayışına sığışmayan bir insan idi. O, gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlarda iz salıb.
Tədbirin bədii hissəsində Vaqif Mustafazadənin “Yollar”, “Mart”, “Düşüncə”, “Gəlmədi-Morning”, “Görüşlər”, “Ömrün səhifələri”, “Tam tənha”, “Bayatı Şiraz”və sair kimi əsərləri ifa edilib.