Bu gün Azərbaycanda müxtəlif ictimai qurumlar, təşkilatlar var ki, öz mövcudluqlarını yada salmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Ayrı-ayrı adlar altında fəaliyyət göstərən bu təşkilatların hamısını bir məsələ birləşdirir - diplom satmaq.
Son vaxtlar çoxumuz yaxından müşahidə edirik ki, ortaya çıxan bəzi qeyri-dövlət təşkilatları heç bir ictimai rəy sorğusu keçirmədən, obyektivliyə istinad etmədən müxtəlif sənət və peşə sahiblərinə “ilin şairi”, “ilin yazıçısı”, “ilin deputatı”, “ilin şoumeni”, “ilin həkimi” və s. diplomlar verirlər.
Maraqlıdır ki, bu adları təsis edən və paylayan qurumların böyük əksəriyyəti reputasiyası sağlam olmayan təşkilatlardır. Onlar özlərini populyarlaşdırmaq, gündəmə gətirmək üçün qondarma tədbirlər keçirir və ilin sonunda müxtəlif adamlara diplomlar verirlər.
İş burasındadır ki, bu diplomlar müğənnilərə, şairlərə, yazıçılara, deputatlara və digər tanınan şəxslərə havayı verilmir, pulla satılır. Biz bu diplomları paylayan təşkilatların və diplomların adlarını çəkmək istəmirik. Söhbətin hansı təşkilatlardan və hansı diplomlardan, mükafatlardan getdiyini çoxunız yaxşı bilirsiniz.
Qiymət Məhərrəmli: “Bir sıra təşkilatların verdiyi “ilin şairi”, “ilin yazıçısı”, “ilin deputatı”, “ilin həkimi” kimi diplomlar, adlar saxtadır”
Tanınmış şairə Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, yazıçı və şairin, sənətkarın, elm adamının “ilin adamı”, yaxud “ilin şairi” olmasını heç bir vaxt o cür qurumlar müəyyən edə bilməz. Bu qurumların çoxunun qeyri-şəffaf fəaliyyət göstərdiyini qeyd edən Q.Məhərrəmli bildirdi ki, bu diplomlar heç bir vaxt həqiqi mükafat statusu daşıya bilməz. “Elə təşkilatlar var ki, doğrudan da onların təqdim etdikləri diplomlar həqiqi sahibinə çatır, amma belə qurumlar çox azdır. Təəssüf ki, ölkəmizdə bir sıra qondarma təşkilatlar var və onların işi-gücü ilin sonunda bir banket zalı kirayələyib, tanınmış şəxsləri ora dəvət edib onlara pulla diplom satmaqdır. Bu qurumlar müxtəlif şairləri, yazıçıları, həkimləri, müğənniləri, deputatları “ilin şairi”, “ilin yazıçısı”, “ilin deputatı”, “ilin həkimi” “elan” etməklə, əslində, o insanları aldadırlar. Bir sıra təşkilatların verdiyi “ilin şairi”, “ilin yazıçısı”, “ilin deputatı”, “ilin həkimi” kimi diplomlar, adlar saxtadır. Çünki “ilin şairi” diplomu şairlərə həmin qurumun rəyi ilə deyil, ictimaiyyətin verdiyi səsvermənin nəticəsinə uyğun verilməlidir. Bizdə isə heç bir rəy sorğusu keçirmədən bu diplomları verirlər. Təbii, bu işlə məşğul olanların böyük əksəriyyəti işbazlardır” - deyə Q.Məhərrəmli vurğuladı.
Zəka Vilayətoğlu: “Bu, ürək ağrıdan, təəssüf doğuran bir Azərbaycan reallığıdır”
Tanınmış yazıçı, müğənni-bəstəkar Zəka Vilayətoğlu da belə qurumların payladığı diplomların qeyri-ciddiliyini önə çəkdi. “Bu cür məsələlər məni də zamanla çox düşündürüb və düşündürməkdədir. Artıq belə şeylər mənə görə ciddiliyini və əhəmiyyətini tamamilə itirib. Deyim ki, bu kimi təltiflər, təqdimatlar bu gün ciddi söz adamlarının ironiyasına səbəb olan, havayı təqdim olunsa belə onların qəbul etməyəcəyi "Qızıl qələm" mükafatı qədər əhəmiyyətsiz, dəyərsiz bir şeydir. Əksər hallarda, bu cür mükafatlar hər hansı bir məbləğdə pul ödənişi müqabilində və ya qohumluq, dostluq, tanışlıq hesabına verilir. Bu, ürək ağrıdan, təəssüf doğuran bir Azərbaycan reallığıdır” - deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA