Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bir qrup naməlum şəxs pensiyaçılara zəng vuraraq onlardan pensiya kartlarının nömrələrini istəyir. Naməlum şəxslər zəng edərək pensiyaçılara deyirlər ki, sizin pensiyanızın məbləğində artım var və həmin məbləği sizin kartınıza yükləmək üçün kartınızın nömrəsi lazımdır. Yəni naməlum adamların bu tip zənglərlə pensiyaçılara müraciət etməsi ilə bağlı xəbərlər həm elektron mediada, həm də sosial şəbəkələrdə ciddi rezonans doğurub.
Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də kart nömrələrinin istənilməsi ilə bağlı pensiyaçılara xəbərdarlıq edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib ki, naməlum şəxslər pensiyaçılara zəng edərək onlara pensiya məbləğlərinin artdığını deyirlər və artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəyirlər.
"Bəzi KİV-də dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılıb. Həmin zəng edənlərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır. Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər. Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq, artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür” - deyə F.Talıblı deyib.
Kart olmadan kod vasitəsilə pensiyaçıların hesabına necə daxil olmaq olar? Ümumiyyətlə, bununla bağlı hansısa texniki mexanizm mümkündürmü?
Ruslan Atakişiyev: “Təkcə pensiya kartının kodu ilə pensiyaçıların hesabına daxil olaraq pulu mənimsəmək mümkün deyil”
Tanınmış iqtisadçı-ekspert Ruslan Atakişiyev bizimlə söhbətində bildirdi ki, başqasının kodunu yazmaqla onun hesabına müdaxilə yalnız internet üzərindən ola bilər. R.Atakişiyev deyir ki, kartın üzərindəki nömrələrin şəkli çəkildikdən sonra kod daxil edilir və əməliyyat həyata keçirilir. “Yalnız pensiya kartının nömrəsini yazmaqla pensiyaçıların hesabına müdaxilə etmək çətindir, bunun üçün kartın şəkli olmalıdır. Bəzi dələduzlar bundan istifadə etməyə cəhd ediblər. Pensiyaçıların hesabından fırıldaqçıların pul çəkməsi halı o zaman mümkün ola bilər ki, pensiya almaq istəyən yaşlı insan pulu bankomatdan çıxara bilmədiyi üçün bəzi fırıldaqçılar onlara yaxınlaşır və kömək etmək adı ilə həmin kartın şəklini çəkir, kodu bildikdən sonra isə internet üzərindən o pulu əldə edə bilirlər. Bu hallar var. Yoxsa, başqa cür mümkün deyil. Təkcə pensiya kartının kodu ilə pensiyaçıların hesabına daxil olaraq pulu mənimsəmək mümkün deyil” - deyə R.Atakişiyev qeyd etdi.
İradə SARIYEVA