Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabın hazırlanmasına start verdik.
Yaxın zamanlarda “Bakı-Xəbər” qəzetinin səhifələrində hissə-hissə oxucuların ixtiyarına veriləcək, sonda ümumiləşdirilərək çap olunacaq növbəti kitabımızda Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edəcəyik.
...Füzulinin həyat yolu, paralel olaraq bütün soydaşlarımızın ürəyində qubar bağlamış Xocalı harayının ayrılmaz bir parçasıdır. Füzulinin Vətən sevgisi heç bir ekvivalentlik tanımayan örnəkdir. Füzulinin ölümü saysız-hesabsız xocalılının ölümdən qurtuluşudur. Füzulinin qeyrəti azərbaycançılığın əbədi yaşayacağı yolda heç vədə solmayacaq məşəldir. Füzuliyə etibarlılıq dastanlara sığmayacaq həqiqətdir. Füzulinin ruhusa Xocalı göylərində sərgərdandır...
...Ölkəmizin hər tərəfinə dağılmış xocalılıları, Xocalıda döyüşmüş başqa bölgələrdən olan döyüşçülərimizi dinləmək, dediklərini, xatirələrini yazıya almaq üçün axtarışlara çıxmışıq. Məqsədimiz nəhayətdə bu bütöv xarakterin bütün parametrlərini açmağa nail olmaqdır. Yolçuluğumuz uzundur. Bir başı Göygöl rayonunun Ağcakəndi, Füzulinin uyuduğu Tərtər rayonunun Hüsənli kəndi, bir başı paytaxtın Yasamal, Mərdəkan, Pirşağı qəsəbələri, Sumqayıt şəhəri, hətta Mesxeti türklərinin yaşadığı Sabirabad rayonu və daha haralar... Bir Vətən oğlunun Vətənimiz, soydaşlarımız, dost-tanış, namus-qeyrət uğrunda göz qırpmadan, çəkinmədən həyatından keçməsinin ən azı qiyabi şahidləri ola bilmək şansını, yəqin ki, əldən verməyəcəksiniz... Elə isə ardıcıl yazılarımızı gözləyin.
Nəzirməmməd ZÖHRABLI Jurnalist-publisist