Azərbaycanda bələdiyyələr mövcud icra hakimiyyətlərinin beşinci təkəri funksiyasını oynadıqlarından cəmiyyətdə onlara diqqət də azdır. Seçkilər belə bələdiyyələri gündəmin baş mövzularından birinə çevirə bilmir. Bu səbəbdəndir ki, bələdiyyələr ictimai nəzarətdən də kənarda qalıb.
Dünya və onun bir parçası olan Azərbaycan informasiya texnologiyaları sahəsində inkişaf edərkən, onlayn bələdiyyəçilik anlayışı yox səviyyəsindədir. Elə bələdiyyələr var ki, onların saytı artıq neçə ildir yenilənmir. Halbuki, bu sahəyə dövlət tərəfindən müəyyən məbləğdə vəsait ayrılır. Ancaq buna rəğmən, bəzi bələdiyyə saytlarına nəzər yetirəndə ən azı bir il öncə sonuncu dəfə material yerləşdirildiyinin şahidi oluruq.
Elə bələdiyyə saytları da var ki, həmin saytlara daxil olan zaman, ilk növbədə, mərc oyunlarının təbliğatının aparılmasının şahidi oluruq. Belə bələdiyyə saytlarından biri də Yasamal Bələdiyyəsinə məxsusdur. Yasamal Bələdiyyəsinin rəsmi saytına (http://yasamalbelediyyesi.az) daxil olduqda, virtual mərc (qumar) saytına yönləndirilir. Ancaq, insafən, qeyd etmək lazımdır ki, Yasamal Bələdiyyəsi İT yenilikləri ilə bağlı digərlərinə nisbətdə daha çox inkişaf edib. Hətta internet reklamçılıq sahəsində də addım atıb. Adıçəkilən bələdiyyənin fəaliyyəti ilə tanış olmaq üçün ən azı 15 saniyə qumar saytının videosunu izləmək lazımdır.
Proqramçı Səməd: “Qeyd olunan saytın texniki tərəfinə nəzarət edən işçi işdən ayrıldığı üçün saytda belə bir problem yarana bilər”
Məsələ ilə bağlı Yasamal Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin bu istəyimiz uğursuz oldu.
Yasamal Bələdiyyəsi saytının texniki təminatı ilə məşğul olan Səməd adlı proqramçı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, o, vaxtilə həmin saytı yığıb: “O vaxtlar biz saytı yeniləyirdik, materiallar, keçirilən tədbirlər əlavə olunurdu. Məlumat üçün bildirim ki, həmin saytın texniki təminatı ilə məşğul olmuram, çünki işdən ayrılmışam. Mən işdən çıxandan sonra bu iş qadın proqramçıya həvalə olundu. Məndə olan məlumata görə, həmin qadın da işdən ayrıldığı üçün, Yasamal Bələdiyyəsinin texniki tərəfinə nəzarət olunmur”.
Vüqar Tofiqli: “Qeyri-fəal bələdiyyə saytları az deyil. Bunun da səbəbi maliyyə sıxıntısıdır”
Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, internet texnologiyalarının istifadəsi, saxlanması müəyyən məbləğdə maliyyə vəsaiti tələb etdiyindən, bəzi bələdiyyə saytlarında texniki problem yaşana bilər: “Elə bələdiyyə saytları var ki, onlarda İT sistemi yüksək səviyyədə inkişaf edib. Nəsimi Bələdiyyəsinin elektron saytında artıq onlayn ödəniş sistemi tətbiq edilib.
Həmsöhbətimiz onu da qeyd etdi ki, ölkədə 1607 bələdiyyə fəaliyyət göstərir, bu bələdiyyələrin fəal və qeyri-fəal saytları var. Qeyri-fəal bələdiyyə saytları az deyil. Bunun da səbəbi maliyyə sıxıntısıdır: “Yasamal Bələdiyyəsinin saytında qeydə alınan problem texniki xarakterlidir. Ola bilər ki, virus düşdüyü üçün sayt açılan kimi oyunların təbliği görünür”.
Günel CƏLİLOVA