“Azercell”in “Mobil Göz Klinikası”nın yeni səfərləri

Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. “Azercell”in “Mobil Göz Klinikası” oktyabr ayı ərzində Bakı şəhəri, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Həzi Aslanov və Nəsimi filiallarının şagirdlərini müayinədən keçirib. Klinikanın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə təşkil edilən səfəri zamanı isə aztəminatlı ailələrdən olan uşaqlara və sağlamlıq imkanları məhdud körpələrə tibbi yardım göstərilib. Beləliklə, oktyabr ayı ərzində 100-ə yaxın uşaq klinikanın təşkil etdiyi müayinələrdən yararlanıb.
2011-ci il iyun ayının 1-də, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Azercell”in “Mobil Göz Klinikası” ən müasir tibbi avadanlıqla təchiz edilib. Valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan klinikanın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanırlar.
Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.