“Həyətlərdə təhlükəsizlik kameraları qoyulmalıdır”. Bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
Ölkə başçısı bununla bağlı bir sıra məqamlara toxunub. Onun sözlərinə görə, nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır: “Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun”.
Həqiqətən də Prezidentin toxunduğu məsələ aktual əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, elmi-texniki tərəqqi bu sahədə geniş imkanlar yaradıb. Müasir tipli müşahidə kameraları ilə bir sıra problemlərin qarşısını almaq olar. Həyətlərdə belə kameraların quraşdırılması imkanlar var.
Maraqlıdır, bəs ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər? Bakıdakı çoxmənzilli binaların həyətlərində kameralar quraşdırılsa, bunun ümumən nə kimi faydası olacaq?
“Bunun sayəsində oğurluq hallarının sayı azalacaq, baş verən cinayətlərin üstünün açılma səviyyəsi daha da artacaq”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, həyətlərdə kameraların quraşdırılması bir sıra cinayətlərin azalmasına gətirib çıxaracaq: “Ümumən təhlükəsizlik nöqteyi-nəzərdən bunun əhəmiyyəti böyükdür. Binaların qarşısındakı həyətlərdə kameralar quraşdırılsa, oğurluq hallarının sayı azalacaq. Baş verən oğurluq cinayətlərinin üstünün açılma səviyyəsi daha da artacaq. Ən başlıcası, kameralar cinayətin üstünün “isti izlər”lə açılmasına yardım edəcək. Uşaqları bəzən həyətə oynamağa buraxmağa ehtiyat edirlər. Çünki uşaq nəzarətsiz qalanda bəzən insan alverçilərinin hədəfinə çevrilir. Düzdür, bizdə belə cinayətlər az baş verir, amma, istənilən halda, bununla bağlı risqlər var. Hesab edirəm ki, həyətlərdə quraşdırılan kameralar sayəsində uşaq oğurluğu ilə bağlı cinayət risqləri azalacaq. Bütövlükdə, belə kameralar vətəndaşların can və mal güvənliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bir çox ölkənin istifadə etdiyi bu metoddan biz də faydalanmalıyıq”.
Vidadi ORDAHALLI