“Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil”. Bi fikirləri Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
Dövlət başçısının sözlərinə görə, şəhərin hər bir yeri abad olmalıdır: “Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə “Azəravtoyol” Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır”.
Həqiqətən də bu sahədə müəyyən problemlər var. Problem ondadır ki, şəhərin mərkəzi ilə yaxın ətrafı arasında uyğunsuzluq var. Görürsən ki, mərkəzə yaxın ərazilərdə ara yollar pis vəziyyətdədir. Yollar kələ-kötürlü, yaxud da torpaqdan ibarətdir. Yağış yağan kimi, gölməçələrin sayı artır. Yağış sularının kanalizasiya xətlərinə ötürülməsi pis vəziyyətdədir. Bəzi yerlərdə heç kanalizasiya xətti belə yoxdur. Gecələr bir sıra ara yollar, dalanlar işıqlandırılmır. O dərəcədə paytaxtın mərkəzi ilə yaxın ətrafı arasında uyğunsuzluq var.
“Birinci növbədə düzgün layihələndirmə aparılmalı və bununla bağlı ayrılan vəsaitdən səmərəli istifadə edilməlidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, uyğunsuzluğu aradan qaldırmaq üçün bir sıra kompleks tədbirlər görülməlidir: “Bakının mərkəzi ilə yaxın ətrafı arasında uyğunsuzluğu aradan qaldırmaq olduqca zəruridir. Çünki Bakı beynəlxalq səviyyəli bir şəhərdir, dünyada hörməti var, gəlib-gedən çox olur. Ona görə də gərək Bakı şəhərinə kapital qoyulsun. Qoyulan investisiya düzgün istifadə edilsin. Şəhərətrafı qəsəbələrdə yolların işıqlandırılması bərbad vəziyyətdədir. Məsələn, 8-ci kilometr, Əhmədli, Yeni Günəşli qəsəbələrində, Xırdalan şəhərində küçələrin işıqlandırılması yox səviyyəsindədir. Ona görə də müvafiq infrastruktur yaradılmalı və bu genişləndirilməlidir. Şəhərə yaxın ərazilərdə yollar yaxşı vəziyyətdə deyil və bir sıra ərazilərdə dağılıb. Salınan yolların keyfiyyəti aşağıdır. Qaz-işıq təminatı aşağı səviyyədədir. Ona görə də planlı və mərhələli şəkildə bu problemlər həll edilməlidir. Qurumlar arasında əlaqəli fəaliyyət qurulmalı və bu koordinasiya olunmalıdır. Görürsən ki, yol salınır, amma qısa müddətdən sonra bərbad vəziyyətə düşür və yaxud da yenidən qazılır. Əslində, bu belə olmamalıdır. Ona görə də birinci növbədə düzgün layihələndirmə aparılmalı və bununla bağlı ayrılan vəsaitdən səmərəli istifadə edilməlidir. Yalnız bütün bunlardan sonra sözügedən problemlər həllini tapacaq”.
Vidadi ORDAHALLI