Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev Xaçmaz və Yevlax rayonlarına yeni icra başçıları təyin etdi. Dövlət başçısı Anar Tağıyevi Yevlax Rayon İcra Hakimiyyətinin, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib. Prezident yeni təyin olunan icra başçıları ilə görüşən zaman onların qarşısına tələblər qoyub. Belə ki, yeni icra başçıları ilə görüşündə Prezident tapşırıq verib ki, onların işi “kabinet işi” olmamalıdır: “Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz”.
Qeyd edək ki, Prezidentin icra başçılarına işinin yalnız kabinetdə deyil, əhali ilə sıx təmasda olması tələbi bütün icra başçıları tərəfindən tətbiq olunarsa, o zaman ucqar kəndlər, qəsəbələr, rayonların vəziyyəti necə olar?
İcra başçıları kabinetdə deyil, əhali arasında olmalı, onların həyat şəraiti, rayonun sosial-iqtisadi vəziyyəti ilə əyani tanış olmalı, əhalinin problemlərini şəxsən dinləməlidirlər.
“Çox təəssüf ki, başçıların əksəriyyətində bu hərəkətlər yoxdur”
Millət vəkili Rüfət Quliyev bildirdi ki, dövlət başçısı hər bir icra başçısını təyin edərkən onunla söhbət edir və müəyyən tapşırıqlar verir: “Prezident İlham Əliyev Xaçmaz və Yevlax rayonlarına təyin etdiyi icra başçıları ilə görüşən zaman tək Anar Tağıyev və Elnur Rzayevə deyil, bütün icra başçılarına göstəriş verdi ki, işlərini kabinetdə oturmaqla deyil, əhali ilə sıx təmasda olmaqla həll etsinlər. Prezident düz irad bildirir ki, icra başçılarının işi yalnız kabinetdə oturmaqdan ibarət deyil. Onlar mütəmadi olaraq başçısı olduqları rayona aid olan kəndləri gəzməli, əhali ilə tanış olmalı, onların problemlərini bilməlidirlər. Gələcəkdə hər hansı bir problem olanda həmin problemi mərkəzi icra hakimiyyəti orqanına çatdırmaqla həllinə nail olmalıdırlar. Çox təəssüf ki, başçıların əksəriyyətində bu hərəkətlər yoxdur. Bəllidir ki, bu gün rayonların bəzi kəndlərində yollar bərbad gündədir. İcra başçıları rayona aid olan bütün kəndlərdə olarlarsa, orada həm infrastrukturdan, həm də əhalinin vəziyyətindən xəbərdar olarlar. İcra başçıları əhali ilə sıx təmasda olarlarsa, bölgələrin sosial-iqtisadi vəziyyəti inkişaf edər”.
Günel CƏLİLOVA