Demək olar ki, hər gün Bakı-Sumqayıt yolunda tıxac yaranır və bu, mənzil başına tələsən vətəndaşlarda ciddi narazılığa səbəb olur. Bakı-Sumqayıt yolunda müşahidə olunan tıxacı aradan qaldırmaq üçün müxtəlif fikirlər səslənir.
Qeyd olunan istiqamətdə tıxacın qarşısını almaq üçün Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı göstəriş verdi. Prezident bildirdi ki, çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir: “Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. İndi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq”.
Bakı-Sumqayıt yolunda yaşanan nəqliyyat sıxlığının aradan qaldırılması üçün qeyd olunan yolun necə və hansı formada genişləndiriləcəyini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.
“İki-üç mərtəbəli yol qovşaqları salınarsa, həmin istiqamətdə müşahidə olunan nəqliyyat sıxlığını aradan qaldırmaq mümkün olar”
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakı-Sumqayıt yolunun genişləndirilərsə, həmin ərazidə yaşanan nəqliyyat sıxlığının qarşısı alınar: “Yolun genişləndirilməsi üçün, ilk növbədə, Xırdalan dairəsindəki körpü və “Şamaxinka” dairəsindəki tunel genişlənməlidir. Çox güman, Xırdalan dairəsindəki körpünü söküb genişləndirəcəklər. “Şamaxinka” adlanan ərazidəki problemin həlli bir az qəlizdir. “Şamaxinka” deyilən ərazidə ciddi problemlər var. Çünki həmin yolda daralma var”.
Həmsöhbətimizin sözlərinə görə, iki-üç mərtəbəli yol qovşaqları salınarsa, həmin istiqamətdə müşahidə olunan nəqliyyat sıxlığını aradan qaldırmaq mümkün olar.
Ekspert onu da vurğuladı ki, Bakı-Sumqayıt yolunun alternativi bərbad vəziyyətdədir. Birinci alternativ yol açılmalıdır ki, Sumqayıt yolu bağlananda və ya qismən məhdudlaşdırılanda insanların istifadəsi asanlaşsın: “Hərəkəti tam məhdudlaşdırmadan Bakı-Sumqayıt yolunda müəyyən işlər görmək mümkündür”.
Günel CƏLİLOVA