Tərkibində müxtəlif bioloji aktiv maddələr - kofein, guaran cövhəri, jenşen, amin turşusu taurin, teobromin və kakao teofillin alkaloidləri, eləcə də vitamin və karbohidratlar olan spirtsiz və ya zəif spirtli sərinləşdiricilər enerji içkilərdir. Energetik istehsalçılarının iddialarına görə, bu növ içkilərin fiziki və əqli iş qabiliyyəti, məhsuldarlığa stimullaşdırıcı təsiri var.
Gənc nəsil arasında yeni növ içkinin belə sürətlə yayılması dünya elmi ictimaiyyətində onların təhlükəsi barədə qorxuları artırıb. Zaman-zaman mətbuatda yeniyetmələrin ölümünün yüksək kofein konsentrasiyalı energetiklərin qəbulundan, həmçinin, onların spirtli içki ilə qarışdırılmasından sonra baş verdiyi iddialarının yer alması bu qorxunu daha da möhkəmləndirdi. Bunun üçün təşkil olunmuş tədqiqat qrupunun əldə etdiyi nəticələr göstərdi ki, narahatlıq əsassız deyil. Tədqiqatçılar enerji içkilərinin orqanizmə təsirinin öyrənilməsi ilə bağlı dünyanın bütün nəşrlərində dərc olunan məlumatları təhlil ediblər, alınan nəticələr energetiklərlə bağlı iki əsas risqin kofein və spirt olduğunu təsdiqləyib. Baxmayaraq ki, kofein konsentrasiyasının səviyyəsi bankadakı energetikə nisbətən bəzi qəhvə markalarında yüksəkdir, içkidən fərqli adətən qəhvəni yavaş-yavaş və qaynar içirlər, bu da ekspertlərə görə, kofein intoksikasiyası (zəhərlənmə) risqini azaldır.
Azərbaycanda bu içkilərin pərakəndə satışı mövcuddur. Zərərli olduğu deyilsə də, bu gün televiziyalarda, onlayn sferada, hətta küçələrdə belə enerji içkilərinin reklamına rast gəlinir. Ünerji içkilərinin geniş şəkildə reklamını şəhərin istənilən ərazisində müşahidə etmək olar. Belə ki, əhalinin sıx olduğu küçələrdə asılmış plakatlarda enerji içkiləri reklam olunur. Maraqlıdır, enerji içkilərinin reklamına hansısa qadağa niyə tətbiq edilmir?
Qeyd edək ki, bu məsələ bir müddət öncə parlamentdə müzakirəyə çıxarıldı. Millət vəkilləri enerji içkilərinin reklamının qadağan olunmasının vacib olduğunu bildiriblər.
Onu da bildirək ki, 2020-ci il yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minəcək. Yeni qaydalara əsasən, ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq, öz fəaliyyətlərini 2020-ci il 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər. Həmçinin, yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə Azərbaycanda məktəb və uşaq bağçalarının yaxınlığında bu tip içkilərin satışına icazə verilməyəcək.
“...yetkinlik yaşına çatmayan şəxslərdən istifadə olunmaqla hazırlanan reklamların...”
Məsələ ilə bağlı fikir bildirən Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azərinin sözlərinə görə, qanunvericilikdə enerji içkilərinin reklamının qadağan olunması ilə bağlı hər hansı məhdudiyyət yoxdur: “Bu baxımdan ADRA həmin reklamların açıq məkanda yayımlanmasına qadağa qoya bilmir. Bununla yanaşı, agentlik tərəfindən yetkinlik yaşına çatmayan şəxslərdən istifadə olunmaqla hazırlanan reklamların açıq məkanda yayımlanmasının qarşısının alınması diqqətdə saxlanır. Amma bu yalnız tövsiyə xarakteri daşıyır və qanunvericilik yol vermədiyinə görə burada hər hansı məhdudiyyətdən söhbət gedə bilməz”.
Günel CƏLİLOVA