Oktyabrın 25-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Yevlax, Ağdaş, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən xəbərə görə, həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Yevlax şəhərində Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Bərdə, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.