Məlumdur ki, oktyabrın 23-də Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Prezident nazirlə görüşən zaman bir sıra məsələlərə toxunub.
O cümlədən, ölkə başçısı bəzi iş yerlərində əməkhaqlarının düzgün qeyd olunmaması məsələsinə də toxunub: “Əsas vəzifələr bundan ibarətdir. Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni bu, nə deməkdir? Yəni bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən, muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən, o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı, on minlərlə insan indi demək olar ki, bir növ, kölgə iqtisadiyyatında fəaliyyət göstərir. Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək”.
“İqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən, insanların firəvan yaşaması üçün əməkhaqlarının olduğu qaydada qeyd olunması vacibdir”
Prezident İlham Əliyev nazirlə görüşən zaman əməkhaqqı alan işçilərə tövsiyə verməsinin əhəmiyyəti barəsində fikir bildirən millət vəkili Elçin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ötən ildən etibarən social-iqtisadi sahədə islahatların aparılmasının labüdlüyü barədə anonslar verilmişdi: “Qısa müddət ərzində əməkhaqlarının həcmi qaldırıldı, bununla yanaşı, pensiya və müavinətlərin həcmi də yüksəldi. Eyni zamanda, tələbələrin təqaüdü, şəhid ailələri və məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlərin həcmi yüksəldi. Prezident İlham Əliyev buna bənzər bir neçə sərəncam imzaladı. 2019-cu ildə isə yeni bir mərhələ başladı. Bu il iqtisadiyyatla bağlı vaxtı keçmiş və labüd olan proseslərə start verildi. Bu istiqamətdə Prezident bütün komanda heyətinə aidiyyəti mesajını yönəltdi. Son kadr islahatları da ona söykənir ki, yeni erada tam şəffaf proseslərlə Azərbaycan iqtisadiyyatı inkişaf etdirilməlidir. Bunun da ən böyük təzahürlərindən biri əməkhaqları ilə bağlıdır. Danılmaz faktdır ki, əksər iş yerində əməkhaqları yüksək verilirdi, ancaq rəsmi sənədlərdə maaşın həcmi az göstərilirdi. İqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən, insanların firəvan yaşaması üçün əməkhaqlarının olduğu qaydada qeyd olunması vacibdir. Maaşların düzgün şəkildə qeyd olunması onların gələcəkdə pensiya təminatına da müsbət təsir edəcək. Həmçinin, şəffaflığın təmin olunmasınas səbəb olacaq. Əməkhaqlarında şəffaflığın təmin olunması vergi daxilolmalarını təmin edir. Əməkhaqlarının düzgün göstərilməməsi büdcə daxilolmalarına da təsir edir”.
Günel CƏLİLOVA