Bakı Biznes Universitetinin əməkdaşları oktyabrın ikinci ongünlüyündə İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimlərdə iştirak edib.
BBU-nun koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universiteti İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universitetində 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərdə iştirak edib. Təlimlərdə Yaponiya, Çin, Braziliya, Argentina, Kolumbiya, Çili və layihənin üzvü olan 11 Azərbaycan universitetindən nümayəndələr iştirak edib.
Bakı Biznes Universitetini tədbirdə Beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramov, Layihələr şöbəsinin müdiri Gülşən Bayramova və Keyfiyyət Təminatı Mərkəzinin direktoru Cavidan Heydərov təmsil edib. 5 gün davam edən təlimlərdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO təşkilatının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universiteti tərəfindən təqdimatlar edilib, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb və faydalı müzakirələr edilib. Təlimlərinin yekununda Universitet nümayəndələri beynəlxalq sertifkatlarla təltif olunublar.