21/11/2019 17:07
728 x 90

Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti üçün çirkli pulların yuyulması əleyhinə mübarizə ilə bağlı təlim keçirilib

img

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən Bakı şəhərində vətəndaş cəmiyyəti nümayəndələrinə "Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının öhdəlikləri" adlı təlim keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdə respublikanın hərtərəfli inkişafı, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən mütərəqqi tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib, ölkənin demokratikləşməsi prosesində qeyri-hökumət təşkilatlarının rolu, dövlət orqanları ilə QHT sektorunun sıx əməkdaşlığı nəticəsində vətəndaş cəmiyyətinin davamlı inkişafı qeyd olunub.

Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, ekspert qismində ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyevin və digər QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyri-hökumət təşkilatının daxili nəzarət sisteminin hazırlanması, məsul şəxsin və daxili auditorun təyin edilməsi, müştərilərin eyniləşdirilməsi, verifikasiyası və s. mövzularda mühazirələr oxunub, təqdimatlar keçirilib.

Oxşar tədbirlər Gəncə, Şirvan, Quba və Qəbələ şəhərlərində də təşkil olunub.

Son xəbərlər