Əhalinin rəqəmsallıq qabiliyyəti nə deməkdir – 19-cu yer…

Dövlətlər yarandığı dövrdən bəri mütəfəkkirlər daha böyük təsir gücünə nail olmaq üçün, bu dövlətlərin səmərəli şəkildə idarə edilməsi barədə düşünüblər. Hər bir tarixi epoxa bu suala idarəetmənin məğzi deyil, sadəcə, forması dəyişdiyi üçün, indi də uğurla tətbiq edilən özünəməxsus cavablar verib. Amma qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı sayəsində həm dövlətin, həm də onun beynəlxalq münasibətlər sistemində yeri və davranışı, bununla yanaşı, qüvvəsi də dəyişir.
Rəqəmsal texnologiyadan ölkəmizdə də geniş istifadə olunur. Əhalinin rəqəmsal texnologiyaya maraq göstərməsi beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.
Oktyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə əhalinin rəqəmsallıq qabiliyyəti də müzakirə olunub. Prezident çıxışı zamanı qeyd edib ki, beynəlxalq təşkilatların keçirdiyi sorğuda ölkəmz fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdə qərarlaşıb. İ.Əliyev bildirib ki, bu, xalqımızın istedadını və mütərəqqi meyllərə yaxın olduğunu göstərir.
- “Azərbaycanda internetin sürəti iki dəfə yüksələrsə…”
Əhalinin rəqəmsallıq qabiliyyətinə görə ölkəmizin 19-cu yerdə olmasına münasibət bildirən informasiya texnologiyaları üzrə mütəxəssis Şaiq Muradov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, insanlar arasında rəqəmsal texnologiyaya marağın artması digital texnologiyanın inkişaf etməsi ilə bağlıdır: “Rəqəmsal texnologiya gündəlik həyatımızın hər bir anında istifadə olunur. Məişətin müxtəlif sektorları, bank sahəsi, nəqliyyat, alış-veriş sahəsi üzrə ödəmələrdə rəqəmsal texnologiyadan geniş istifadə olunur.
Əhalinin rəqəmsallıq qabiliyyətinə görə Azərbaycanın 19-cu yerdə olması əhalinin bu sahədə aktiv olması ilə bağlıdır. Dünya ölkələri arasında ilk 20-likdə olmaq sevindiricidir. Hədəfimiz daha yuxarı yer olmalıdır. Azərbaycanda internetin sürəti iki dəfə yüksələrsə, bunun ölkə iqtisadiyyatına 0,3 faizlik xeyri olar”.
Günel CƏLİLOVA