Kifayət İmamquliyeva: “Biz Azərbaycan ərazilərinə, dövlətimizin ayrılmaz parçası olan Dağlıq Qarabağa iddia edən ermənilərə, qara qüvvələrə cavab olaraq...”
Hər bir xalqın milli mənşəyini müəyyən edən başlıca meyar dil və mədəniyyətdir. Azərbaycan dili qədim və zəngin dildir. Heç şübhəsiz ki, danışıq dilimizin formalaşmasında müxtəlif bölgələrə xas şivə və ləhcələrin də rolu danılmazdır. Azərbaycanda hər bir bölgənin, rayonun özünəməxsus ləhcəsi var.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsi Azərbaycan bölgələrinin dialektoloji atlasını hazırlayır. Əsasən elektron variantda hazırlanan atlaslar olduqca əhəmiyyətlidir. Sözügedən şöbənin əməkdaşları Naxçıvan dialektoloji atlasından sonra indi də Qarabağ Dialektoloji Atlası üzərində çalışırlar.
Şöbə müdiri Kifayət İmamquliyeva “Bakı-Xəbər”ə bildirdi ki, hazırda “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nı hazırlayırlar. “Bu atlas keçən ilin sonlarında hazır olmalı idi. Lakin atlasın hazırlanması üçün daha geniş araşdırma aparmaq lazım oluğuna görə əməkdaşlarımız bu istiqamətdə fəaliyyətlərini davam etdirdilər. Bu günlərdə Zəngilan ictimaiyyətilə göürüşmüşük. Məqsədimiz Zəngilan ləhcəsini, şivəsini qeyd etmək idi. İndiyə qədər Xankəndi də daxil olmaqla, Dağlıq Qarabağın və ətraf rayonların ləhcə və şivələrinin öyrənilməsi istiqamətində işlər görmüşük. Biz qarşıdakı günlərdə Şuşa və Qubadlı sakinləri ilə də görüşməyi planlaşdırırıq. Bizim gördüyümüz iş böyük bir layihənin tərkib hissəsidir. Bu layihəyə dialektoloji atlas, monoqrafiyalar, lüğət, proqramlar və elektron disklər daxildir. Üzərində çox ciddi şəkildə işlədiyimiz “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” bu ilin sonuna qədər hazırlanacaq. Araşdırmalar başa çatdıqdan sonra biz nəşriyyatla işləməyə başlayacağıq”.
Atlasın əhəmiyyətini vurğulayan şöbə müdiri qeyd etdi ki, belə atlaslar Azərbaycanın bütün bölgələri üçün hazırlanacaq: “Biz hazırda Qarabağın dialektoloji atlasını hazırlayırıq. Azərbaycanın strateji əhəmiyyətli ərazilərini diqqətdə saxlayırıq. O ərazilərini ki, orada düşmən gözü var və düşmənlərimiz o yerləri zəbt etmək, kəndlərimizə sahib olmaq, buranın türk xalqına yox, hansısa bir millətə mənsub olduğunu demək istəyirlər. Biz Azərbaycan ərazilərinə, dövlətimizin ayrılmaz parçası olan Dağlıq Qarabağa iddia edən ermənilərə, qara qüvvələrə cavab olaraq dialektoloji danışıq atlasları hazırlayırıq. Yəni hər bir kəs milli kimliyi ilə tanına bilər. Bu atlasda Azərbaycan kəndlərini əks etdirməklə bildirmək istəyirik ki, bu kəndlərdə yaşayan erməni deyil, azərbaycanlıdır və danışıqları da budur. Bizim əsas işimiz şivələrlə, ləhcələrlə bağlıdır. Bu atlas Qarabağ bölgəsinin dialekt və şivələrindən ibarətdir. Qeyd etdiyim kimi, kəndbəkənd bütün danışıq ləhcələri burada əksini tapıb”.
İradə SARIYEVA