"Bakı-Xəbər" media qrupunun rəhbəri Aydın Quliyev və kollektivi respublikanın əməkdar jurnalisti Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndirdiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
1970-ci ildə doğulan Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. İxtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.
Nurani jurnalist fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə "Yurddaş", "Ayna-Zerkalo", "Exo" qəzetlərində, "Minval.az" və "Minval Politika" xəbər portalında çalışıb, həmkarımız öz peşəsinə sədaqətlə xidmət edib.
Nurani Qasımova uzun illər beynəlxalq münasibətlər, Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və digər geosiyasi proseslərə dair analitik yazıları ilə Azərbaycanın tanınmış siyasi yazarlarından biri olub. Onun dərin təhlilləri, peşəkar yanaşması və prinsipial mövqeyi həm media cameəsində, həm də oxucular arasında böyük hörmət qazandırıb.
Nurani Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Azərbaycanın rusdilli jurnalistikanın dəyərli nümayəndələrindən biri olan Əməkdar jurnalist Nuraninin (Tofiqəxanım Qasımova) vəfatı mətbuatımız üçün böyük itkidir.
Allah rəhmət eləsin!