Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir və valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində nəzərdə tutulan 4 növ geyim formasından biri tətbiq edilir.
Bildirilib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Seçilmiş vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır.
"Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər", – MÜTDA-dan vurğulanıb.
ZÜMRÜD