İsmayıllıda toy məclisində 24 nəfər zəhərlənib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.
İlkin araşdırma zamanı hadisənin İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verdiyi müəyyənləşib.
Zəhərlənmə diaqnozu ilə 24 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda həmin şəxslərin vəziyyətinin yaxşı olduğu bildirilir.
AQTA əməkdaşları tərəfindən müvafiq nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək.
Agentlik, həmçinin xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqladığı son məlumata görə, İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə əlavə edilib.
ZÜMRÜD